BƏƏ Prezidenti Məhəmməd bin Zayedin 7 oktyabr 2023-cü il hücumundan təxminən 10 gün əvvəl İsrailin Baş naziri Benyamin Netanyahuya HƏMAS-ın böyük əməliyyat hazırladığı barədə xəbərdarlıq etdiyi iddia olunur. Haaretz-in daha əvvəl yaydığı məlumat The New York Times tərəfindən də araşdırılıb. Bu barədə The New York Times məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, beş keçmiş yüksək vəzifəli İsrail rəsmisinin sözlərinə görə, BƏƏ liderinin Netanyahuya çatdırdığı iddia olunan xəbərdarlıq İsrailin təhlükəsizlik rəhbərliyinə ötürülməyib. Haaretz-in məlumatına əsasən, Məhəmməd bin Zayed Netanyahu ilə telefon danışığında HƏMAS-ın genişmiqyaslı hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.
2023-cü il oktyabrın 1-də keçirilmiş təhlükəsizlik müşavirəsinin protokollarında Netanyahunun bu xəbərdarlıqdan bəhs etmədiyi bildirilir. Əksinə, həmin görüşdə Qəzzada sakitliyin qorunması və eskalasiyanın qarşısının alınması xəttinin davam etdirilməsi müzakirə olunub.
Netanyahunun ofisi isə belə bir xəbərdarlığın alındığını təkzib edib. Baş nazirin ofisi bildirib ki, BƏƏ-dən İsrail üçün əhəmiyyətli kəşfiyyat məlumatı daxil olsaydı, bu məlumat rəsmi təhlükəsizlik və kəşfiyyat kanalları vasitəsilə ötürülərdi.
