Şimali Koreya bəyan edib ki, Cənubi Koreya ABŞ-ın rəhbərlik etdiyi kollektiv müdafiə sisteminin əsas mərkəzlərindən birinə çevrilərsə, Pxenyanın cavab tədbirlərinin hədəfinə çevrilə bilər. Bu barədə KCNA agentliyinə istinadən Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Şimali Koreyanın Düşmən Dövlətlərin Tədqiqi İnstitutunun nümayəndəsi Kanq Çol Su Vaşinqtonu Cənubi Koreyanı xarici münaqişələrdə istifadə oluna biləcək hərbi platformaya çevirməkdə ittiham edib. O, belə bir ssenaridə Seulun kollektiv cavab tədbirlərinin əsas hədəflərindən biri olacağını bildirib. ABŞ-ın Cənubi Koreyada təxminən 28 min 500 hərbçisi yerləşdirilib.
Digər tərəfdən, Cənubi Koreya Prezidenti Li Çje Myonq Ukrayna Prezidenti Volodimir Zelenskinin iki əsir Şimali Koreya hərbçisinin Ukraynadan Cənubi Koreyaya göndərildiyini açıq şəkildə açıqlamasından narazılığını bildirib. Seulun mövqeyinə görə, bu məlumatın ictimailəşdirilməsi əvvəlcədən razılaşdırılmış məxfilik prinsipini pozub.
Zelenski BMT Baş Assambleyasındakı çıxışında Ukraynanın Rusiyanın Kursk vilayətində əsir götürdüyü iki Şimali Koreya hərbçisini Cənubi Koreyaya göndərdiyini açıqlamışdı. Seul isə prosesin təhlükəsizlik və həmin şəxslərin ailələrinin qorunması səbəbindən məxfi saxlanmasını istədiyini bildirib.
