Güclü fırtına BMT həftəsi zamanı Nyu-Yorka yaxınlaşır

Güclü fırtına BMT həftəsi zamanı Nyu-Yorka yaxınlaşır

Aytac Dəniz · Media ·

ABŞ-ın Nyu-York ştatında yaxınlaşan güclü sahil fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Qərarı ştatın qubernatoru Keti Hokul açıqlayıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, həftəsonu Nyu-York şəhəri və ətraf ərazilərdə güclü yağış, sahilyanı daşqınlar və təhlükəli külək gözlənilir. Fırtınanın bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələrə və nəqliyyatın işində problemlərə səbəb ola biləcəyi bildirilir.

Meteoroloqlar Nyu-York şəhərində yağıntının xüsusilə şənbə günü intensivləşəcəyini proqnozlaşdırırlar. Ayrı-ayrı ərazilərdə yağıntının miqdarının daha yüksək ola biləcəyi, sahilyanı zonalarda isə suyun səviyyəsinin təhlükəli həddə çatacağı gözlənilir.

Fövqəladə vəziyyət Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin davam etdiyi vaxta təsadüf edir. Tədbirlə əlaqədar şəhərdə çoxsaylı dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək vəzifəli nümayəndələr səfərdədir.