ABŞ-ın müdafiə naziri Pit Heqset Veteranlar Günü münasibətilə Arlinqton Milli Qəbiristanlığında keçirilən mərasimdən sonra Naməlum Əsgər Məzarının qarşısında gülməsi səbəbindən tənqidlə üzləşib. Bu barədə CNN telekanalı məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Heqset mərasimdən sonra həyat yoldaşı Cennifer, aparat rəhbəri, onun müavini və baş müşaviri ilə birlikdə memorialın qarşısında xatirə şəkilləri çəkdirib.
Məlumata görə, foto çəkilişindən sonra qrupun bəzi üzvləri söhbət etməyə və gülməyə başlayıblar.
Bu zaman məzarı mühafizə edən ABŞ Ordusunun fəxri qarovulunun üzvü onların davranışına müdaxilə edərək memorial ərazisində sakitliyə və hörmət qaydalarına riayət olunmasını tələb edib.
“Bütün ziyarətçilər hər zaman sakitlik və hörmət mühitini qorumalıdırlar”, – deyə hərbi qulluqçu bildirib.
Hadisə Naməlum Əsgər Məzarının ABŞ-da xüsusi ehtiram göstərilən hərbi memoriallardan biri olması səbəbindən diqqət çəkib.
Arlinqton Milli Qəbiristanlığında yerləşən memorial Birinci Dünya müharibəsində həlak olmuş və şəxsiyyəti müəyyən edilməmiş amerikalı hərbçinin xatirəsinə yaradılıb. Burada digər müharibələrdə həlak olmuş naməlum hərbçilər də yad edilir.
Memorialın mühafizəsi xüsusi hazırlıq keçmiş fəxri qarovul hərbçiləri tərəfindən həyata keçirilir və ziyarətçilərdən ciddi davranış qaydalarına əməl etmək tələb olunur.
CNN-in məlumatında Heqsetin davranışına irad bildirildiyi qeyd edilsə də, hadisə ilə bağlı hər hansı intizam tədbirinin görüldüyü barədə məlumat verilməyib.
