Azərbaycanın tarixi qələbələrinin hüquqi təntənəsi

Azərbaycanın tarixi qələbələrinin hüquqi təntənəsi

Aytac Dəniz · Siyasət ·

Dövlət suverenliyi hər bir müstəqil ölkənin siyasi iradəsini sərbəst həyata keçirməsinin və milli maraqlarını qorumasının əsas şərtidir. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini təmin edən fundamental hüquqi sənəddir. 1995-ci ildə qəbul edilən Əsas Qanun ölkənin dövlətçilik strategiyasının əsas istiqamətlərini müəyyənləşdirərək gələcək inkişaf üçün hüquqi zəmin yaratmışdır. Konstitusiyanın qəbul edilməsi ilə müstəqil Azərbaycanın idarəçilik sistemi demokratik və hüquqi prinsiplər əsasında formalaşdırılmağa başlanmışdır.

Bu sənəddə dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması strateji vəzifələr kimi müəyyən edilmişdir. Sonrakı dövrlərdə Azərbaycan bu məqsədlərin həyata keçirilməsi istiqamətində ardıcıl siyasi və diplomatik fəaliyyət göstərmişdir. 2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda tarixi mərhələ oldu. Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın milli birliyini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkənin suverenliyi bütün ərazisində bərpa olundu. Bu hadisələr Azərbaycanın müstəqil dövlət kimi konstitusion hüquqlarının tam həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ərazi bütövlüyünün və suverenliyin bərpası dövlət idarəçiliyinin vahid hüquqi məkan çərçivəsində təmin olunmasına imkan yaratdı. Beləliklə, Konstitusiyanın hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olması dövlətçilik tariximizin mühüm nəticəsinə çevrildi. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu tarixi nailiyyətlərin siyasi və ictimai əhəmiyyətini ön plana çıxardı. Həmin il Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümünün qeyd olunması xüsusi rəmzi məna daşıyırdı. Bu təşəbbüs dövlət suverenliyinin və konstitusion dəyərlərin cəmiyyət həyatındakı rolunun daha dərindən dərk edilməsinə xidmət etdi. Suverenliyin bərpası ilə yanaşı, azad edilmiş ərazilərdə hüquqi idarəetmənin, sosial infrastrukturun və iqtisadi fəaliyyətin inkişaf etdirilməsi də strateji əhəmiyyət kəsb edir.

Həmin ərazilərdə dövlət quruculuğu prosesinin Konstitusiyanın tələbləri əsasında həyata keçirilməsi vahid hüquqi məkanın möhkəmləndirilməsinin mühüm şərtidir. Azərbaycanın qarşıdakı dövrdə əsas vəzifələrindən biri əldə edilmiş tarixi nailiyyətləri dayanıqlı inkişaf və təhlükəsizlik amilləri ilə möhkəmləndirməkdir. Konstitusiya bu prosesdə dövlətin strateji qərarlarının hüquqi əsasını və milli maraqların qorunmasının fundamental təminatını təşkil edir. Bu baxımdan Konstitusiya və suverenlik anlayışları müasir Azərbaycan dövlətçiliyinin ayrılmaz və bir-birini tamamlayan əsas sütunlarıdır.

Aynur Cəfərova
Neftçala rayonu