Nvidia rəhbəri Censen Huanq yenə yeni münasibət qalmaqalının mərkəzindədir

Nvidia rəhbəri Censen Huanq yenə yeni münasibət qalmaqalının mərkəzindədir

Nizami Salmanov · Media ·

ABŞ-ın texnologiya nəhəngi Nvidia-nın baş direktoru Censen Huanqın daha bir qadınla romantik münasibətdə olduğu iddia edilir. “The New York Times” qəzetinin məlumatına görə, söhbət şirkətin səhiyyə istiqaməti üzrə vitse-prezidenti, 48 yaşlı Kimberli Pauelldən gedir.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, nəşr bir neçə məlumatlı şəxsə əsaslanaraq Huanqın birbaşa tabeliyində çalışan Pauelllə şəxsi münasibətlərinin olduğunu yazıb.

Məlumata görə, Huanq və Pauell mart ayında San-Xose şəhərində Nvidia-nın illik texnologiya konfransı zamanı otellərdən birində birlikdə görülüblər. Şahidlərin bildirdiyinə əsasən, onların yaxın münasibətini əks etdirən görüntülər də qeydə alınıb.

Nvidia və Kimberli Pauell yayılan yeni iddialarla bağlı açıqlama verməyiblər.

Bu məlumatlar Huanqın həyat yoldaşına xəyanət etdiyini etiraf etməsindən sonra ortaya çıxıb. Əvvəlki qalmaqal şirkət rəhbərinin Çin kəşfiyyatı ilə əlaqəli olduğundan şübhələnilən iş qadını Elis Huanqla münasibəti ətrafında yaranmışdı.

Nvidia-nın Direktorlar Şurası xarici kəşfiyyatın şirkət rəhbərini hədəfə alıb-almadığını müəyyənləşdirmək üçün müstəqil araşdırmaya başlayıb. Lakin irəli sürülən casusluq iddiaları məhkəmə qaydasında sübuta yetirilməyib.

Qalmaqallar fonunda Nvidia-nın səhmləri ciddi təzyiqlə üzləşib. Şirkətin səhmləri noyabrın 9 və 10-da keçirilən ticarət sessiyalarında ümumilikdə təxminən 9,5 faiz ucuzlaşıb. Bu azalma şirkətin bazar dəyərindən təqribən 430 milyard dollar silinməsinə səbəb olub.

Noyabrın 11-də Huanqın ikinci münasibəti barədə məlumatların yayılmasından sonra Nvidia səhmləri birja bağlandıqdan sonrakı ticarətdə də kəskin ucuzlaşıb.

“The Wall Street Journal”ın məlumatına görə, Nvidia-nın Direktorlar Şurası Huanqın şirkət rəhbəri vəzifəsində gələcəyini müzakirə etməyə hazırlaşır.

Bununla belə, onun vəzifədən uzaqlaşdırılması barədə rəsmi qərar açıqlanmayıb. Şirkətin rəhbərliyində mümkün dəyişikliklərlə bağlı məlumatlar hələlik media mənbələrinin iddialarına əsaslanır.