“Paşa Kapital”da kəskin eniş davam edir - birja dövriyyəsi 18 milyard azaldı

“Paşa Kapital”da kəskin eniş davam edir - birja dövriyyəsi 18 milyard azaldı

Aytac Dəniz · İqtisadiyyat ·

Bu ilin yanvar–iyul aylarında “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında daxili birja dövriyyəsi 8 milyard 566 milyon manat təşkil edib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18 milyard 36 milyon manat və ya 67,8% azdır.

Belə ki, ötən ilin yanvar–iyul aylarında şirkətin birja dövriyyəsi 26 milyard 602 milyon manat olmuşdu. Beləliklə, “Paşa Kapital”ın birja dövriyyəsi 3,1 dəfə azalıb.

Bununla yanaşı, şirkətin həyata keçirdiyi əməliyyatların sayı 4 660-dan 43 817-yə yüksələrək 9,4 dəfə artıb. Bir əməliyyata düşən orta məbləğ isə 5,7 milyon manatdan 195,5 min manata enib.

Dövriyyədəki azalmanın əsas hissəsi repo bazarının payına düşüb. “Paşa Kapital”ın repo əməliyyatları 21 milyard 747,5 milyon manatdan 7 milyard 28,6 milyon manata düşüb. Beləliklə, repo dövriyyəsi 14 milyard 718,9 milyon manat və ya 67,7% azalıb.

Dövlət istiqrazları üzrə əməliyyatlar 3 milyard 244,8 milyon manatdan 613,1 milyon manata enərək 81,1%, korporativ istiqrazlar üzrə dövriyyə 989,6 milyon manatdan 505,5 milyon manata düşərək 48,9%, ARMB qiymətli kağızları üzrə əməliyyatlar isə 616 milyon manatdan 319 milyon manata azalaraq 48,2% geriləyib.

Əks dinamika səhmlər üzrə qeydə alınıb. Şirkətin səhm bazarındakı dövriyyəsi 4,5 milyon manatdan 99,8 milyon manata yüksələrək təxminən 22 dəfə artıb.

Rəqəmlərin müqayisəsi göstərir ki, “Paşa Kapital”ın ümumi birja dövriyyəsindəki kəskin azalmanın əsas mənbəyi repo və dövlət istiqrazları üzrə əməliyyatların azalması olub. Əqdlərin sayı kəskin artsa da, onların orta həcmi əhəmiyyətli dərəcədə kiçilib. Qeyd edək ki, “Paşa Kapital” 2025-ci ili müsbət maliyyə nəticələri ilə başa vursa da, 2026-cı ilin ilk yeddi ayında birja dövriyyəsində əhəmiyyətli geriləmə qeydə alınıb. Bu ilin iyununda şirkətdə idarəetmə modeli də dəyişdirilib. İdarə Heyətinin sədri Ceyhun Hacıyev vəzifəsindən ayrılıb, İdarə Heyəti ləğv edilərək təkbaşına icra orqanı yaradılıb. İsi Mustafayev Baş İcraçı direktor (CEO), Elnur Fətullayev isə Baş İcraçı direktorun müavini təyin edilib. Mövcud göstəricilər yeni rəhbərlik qarşısında şirkətin birja dövriyyəsinin bərpası istiqamətində mühüm vəzifələrin dayandığını göstərir. (Plat.az)