Rusiyanın Moskva vilayətinin sakini "öz içinə" asqırması nəticəsində qırtlağından ciddi zədə alıb. Həmin şəxs yaranan ağrılar səbəbindən təcili olaraq xəstəxanaya çatdırılıb.
Redaksiya xəbər verir ki, xəstəxanada o, burnunu barmaqları ilə sıxaraq asqırdığını bildirib. Bu hərəkətdən dərhal sonra boğazında bir çatıltı səsi eşitdiyini, daha sonra isə boyun və yanaqlarında şişkinlik yarandığını qeyd edib.
Tibb işçiləri aparılan müayinələr nəticəsində kişiyə qırtlağın qığırdaq hissəsinin sınığı və emfizema diaqnozunu qoyublar. Hazırda onun vəziyyəti stabildir və müalicəsi davam edir.
