MİT Xomeyninin Türkiyədəki sürgün günlərinə dair gizli sənədi yayımladı

MİT Xomeyninin Türkiyədəki sürgün günlərinə dair gizli sənədi yayımladı

Nizami Salmanov · Media ·

Türkiyənin Milli İstihbarat Təşkilatı İran İslam İnqilabının gələcək lideri Ayətullah Ruhullah Xomeyninin Türkiyədə sürgündə olduğu dövrə aid 1964-cü il tarixli məxfi sənəd yayımlayıb.

Redaksiya Türkiyə mediasına istinadla xəbər verir ki, “çox gizli” qeydli sənəd MİT-in “Özel Koleksiyon” arxivindən paylaşılıb və Xomeyninin Bursa şəhərində məcburi yaşayışı, təhlükəsizliyi və yazışmalarda istifadə edilən kod adı barədə məlumatları üzə çıxarıb.

MİT Xomeyninin Türkiyədəki sürgün günlərinə dair gizli sənədi yayımladı - Şəkil 1

Sənəd 11 noyabr 1964-cü il tarixlidir və o dövrdə Milli Emniyet Hizmeti rəhbəri olan Ziya Selışık tərəfindən İstanbul Mərkəz Şefliyinə göndərilib. Milli Emniyet Hizmeti bugünkü MİT-in əvvəlki strukturudur.

Məktubda Xomeyni birbaşa adı ilə yox, “İranlı bir qonaq” kimi qeyd olunur. Sənəddə onun Türkiyəyə gəldiyi və Bursada yaşamasının qərarlaşdırıldığı bildirilir.

Əmrdə Xomeyninin qalacağı evin və onunla bağlı digər işlərin Bursa Yuvası Amirliyinə şəxsən tanıdılacağı yazılıb. Həmçinin bu quruma lazımi təlimatların yazılı və şifahi formada göndərildiyi qeyd olunur.

Sənədin ən diqqətçəkən hissəsi kod adı ilə bağlıdır. Yazışmalarda və şifrəli rabitədə Xomeyni üçün “Belli” təxəllüsünün istifadə olunacağı göstərilir. Bu, Türkiyə kəşfiyyatının həmin dövrdə Xomeyninin ölkədəki hərəkətini və təhlükəsizliyini xüsusi rejim altında izlədiyini göstərir.

Xomeyni 1964-cü il noyabrın 4-də İran şahı Məhəmməd Rza Pəhləvi rejimi tərəfindən ölkədən çıxarılmışdı. O, əvvəlcə Türkiyəyə göndərilmiş, daha sonra Bursada məcburi yaşayışa yerləşdirilmişdi.

Türkiyədəki sürgün dövrü Xomeyninin siyasi fəaliyyətində mühüm mərhələ sayılır. O, 1965-ci ilin oktyabrında Türkiyədən İraqın Nəcəf şəhərinə keçmiş, 1978-ci ildə isə Fransaya getmişdi. 1979-cu ildə İran İslam İnqilabından sonra ölkəyə qayıdaraq İran İslam Respublikasının qurucusu və ali rəhbəri oldu.

Yeni yayımlanan sənəd Xomeyninin Türkiyədəki sürgün illərinin yalnız diplomatik yox, həm də kəşfiyyat nəzarəti altında idarə olunduğunu göstərir. “Belli” kod adının istifadəsi isə həmin dövrdə Ankara üçün bu məsələnin yüksək təhlükəsizlik həssasiyyəti daşıdığını ortaya qoyur.