Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün rəsmi müraciətin hazırlanması prosesinə başlayacaq. Bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə hökumətin proqramını təqdim edərkən bildirib.
Redaksiya xəbər verir ki, Paşinyan Aİ-yə üzvlüklə bağlı referendum keçirilməsi üçün əvvəlcə rəsmi müraciətin təqdim edilməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, bu, geniş hazırlıq və institusional iş tələb edən prosesdir.
Baş nazir bildirib ki, Ermənistan yaxın dövrdə bu istiqamətdə addımlar atmağa başlayacaq. O, Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşların çağırışlarının da bu qərar fonunda nəzərə alındığını qeyd edib.
Paşinyan həmçinin Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunmasının davam etməsinin ölkənin beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını məhdudlaşdıra biləcəyini bildirib.
Onun sözlərinə görə, İrəvan beynəlxalq nəqliyyat əlaqələrinə qoşulmaq imkanını itirməyə yol verə bilməz və bu məsələ strateji əhəmiyyət daşıyır.
