Son illər ərzində Azərbaycan ilə Özbəkistan arasında yaranmış dostluq, hərtərəfli əməkdaşlıq münasibətləri iqtisadi əlaqələrin də sürətlə inkişafına zəmin yaradıb.
İki ölkənin iqtisadi potensialının bir-birini tamamlaması əməkdaşlığın genişləndirilməsi üçün mühüm üstünlükdür. Bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verən Ölkə başçısı cənab İlham Əliyev iki ölkə arasında mövcud olan münasibətlərin səviyyəsinə diqqət çəkdi. Bəli, bu gün iqtisadi-ticari əlaqələrdə müşahidə olunan artım bu potensialın artıq real nəticələrə çevrildiyini göstərir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması diqqətçəkən göstəricidir.
2026-cı ilin yanvar-may aylarında da ticarət dövriyyəsinin 33 faiz artması müsbət dinamikanın davam etdiyini göstərir. Bu rəqəmlər iqtisadi münasibətlərin təsadüfi deyil, davamlı inkişaf xətti üzrə formalaşdığını deməyə əsas verir. İqtisadi əlaqələrin genişlənməsində siyasi etimad mühüm rol oynayır. Çünki investor və sahibkarlar üçün sabit siyasi münasibətlər uzunmüddətli əməkdaşlığın əsas şərtlərindən biridir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması bu baxımdan strateji əhəmiyyət daşıyır. 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış bu platforma birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün imkanlar formalaşdırır. Şirkətin hər iki ölkədə müxtəlif iqtisadi sahələr üzrə layihələrə dəstək verməsi iqtisadi əməkdaşlığın şaxələndirilməsinə şərait yaradır. Bu yanaşma yalnız ticarətin artırılmasını deyil, istehsal və investisiya əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutur.
Hökumətlərarası Komissiyanın fəaliyyəti də iqtisadi əməkdaşlığın əlaqələndirilməsində mühüm rol oynayır. Komissiyanın 15 iclasının keçirilməsi iki ölkənin iqtisadi gündəliyinin müntəzəm müzakirə edildiyini göstərir. Əməkdaşlığın perspektiv istiqamətlərindən biri birgə istehsal layihələridir. Azərbaycan və Özbəkistan şirkətlərinin qarşılıqlı bazarlarda fəallığının artması bu sahədə yeni imkanlar yaradır. Avtomobil sənayesində həyata keçirilən əməkdaşlıq bunun konkret nümunələrindən biridir. “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı iki ölkənin sənaye potensialının birləşdirilməsinin nəticəsidir. Füzuli rayonunda yaradılan 100 hektarlıq “Dostluq bağı” isə kənd təsərrüfatı sahəsində əməkdaşlığın nümunəsidir.
Belə layihələr işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafına beynəlxalq tərəfdaşların cəlb edilməsini də nümayiş etdirir. Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının Azərbaycanda fəaliyyət göstərməsi qarşılıqlı marağın geniş olduğunu göstərir.
Bu şirkətlərin sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində çalışması əməkdaşlığın çoxşaxəli xarakterini ortaya qoyur. Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələr də iqtisadi münasibətlərin qarşılıqlı xarakter daşıdığını göstərir.
Daşkənddə həyata keçirilən hotel və yaşayış kompleksi layihələri Azərbaycanın özəl sektorunun Özbəkistan bazarına marağını nümayiş etdirir. Turizm və yaşayış kompleksləri üzrə layihələr xidmət sektorunda yeni əməkdaşlıq imkanlarının olduğunu göstərir.
Gələcəkdə iqtisadi münasibətlərin yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmaması vacibdir. Əsas məqsəd qarşılıqlı investisiyaların, yüksək əlavə dəyər yaradan istehsalın və birgə müəssisələrin sayının artırılması olmalıdır.
Bu istiqamətdə mövcud investisiya mexanizmləri yeni layihələrin maliyyələşdirilməsi üçün əlverişli baza yaradır. İqtisadi əməkdaşlığın dərinləşməsi siyasi müttəfiqliyin iqtisadi dayaqlarını da gücləndirir. Nəticədə Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı iki ölkənin milli iqtisadi maraqlarına və xalqların rifahına xidmət edən uzunmüddətli strateji istiqamətə çevrilə bilər.
Elsevər Əsədov
Neftçala rayonu
