Azərbaycan–Özbəkistan münasibətlərində humanitar və mədəni amil

Azərbaycan–Özbəkistan münasibətlərində humanitar və mədəni amil

Aytac Dəniz · Siyasət ·

Azərbaycan və Özbəkistan arasında münasibətlərin davamlılığını təmin edən əsas amillərdən biri xalqların tarixi və mədəni yaxınlığıdır. İki xalq arasında ortaq türk irsi əsrlər ərzində formalaşmış möhkəm mənəvi bağlar yaradıb. Bu bağlar müasir dövrdə dövlətlərarası əməkdaşlığın sosial dayaqlarından birinə çevrilib. Mədəni-humanitar əlaqələrin inkişafı siyasi və iqtisadi tərəfdaşlığın daha möhkəm əsaslara söykənməsinə imkan verir.

Son illərdə Azərbaycan və Özbəkistan arasında mədəniyyət günlərinin keçirilməsi bu əlaqələrin intensivliyini göstərir. 2023 və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə ev sahibliyi edib. 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərini qəbul edib. Həmin il Xivədə keçirilən “Şuşa Günləri” iki xalqın mədəni irsinin qarşılıqlı tanıdılmasına xidmət edib. Belə tədbirlər mədəniyyətin diplomatik münasibətlərdə mühüm yumşaq güc vasitəsinə çevrildiyini göstərir. Mədəni əlaqələrin digər mühüm istiqaməti ədəbi və elmi əməkdaşlıqdır. Türk dünyasının böyük ədəbi irsinin nümayəndələrinin tanıdılması xalqlar arasında ortaq tarixi yaddaşın güclənməsinə xidmət edir. Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması Azərbaycan mədəni irsinə göstərilən ehtiramın ifadəsidir. Bakının mərkəzində yaradılması nəzərdə tutulan “Özbəkistan” parkı da iki ölkənin qardaşlığının simvolik ifadələrindən biri olacaq. Bu kimi layihələr dövlətlərarası münasibətləri ictimai müstəvidə görünən və hiss olunan əlaqələrə çevirir.
Təhsil sahəsində əməkdaşlıq da humanitar tərəfdaşlığın mühüm istiqamətidir. 2025-2026-cı tədris ilində hər iki ölkədən tələbələrin qarşılıqlı təhsil alması akademik əlaqələrin genişləndiyini göstərir. Füzulidə Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi bu əməkdaşlığın xüsusi nümunəsidir. Bu məktəb yalnız təhsil müəssisəsi deyil, həm də iki xalq arasında dostluğun rəmzi kimi qiymətləndirilə bilər.

Özbəkistanın işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə verdiyi dəstək də humanitar münasibətlərin praktiki ifadəsidir. Media sahəsində yaradılmış əməkdaşlıq platformaları da qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Azərbaycan-Özbəkistan Media Forumlarının keçirilməsi jurnalistlər arasında əlaqələrin inkişafına imkan yaradıb.

QHT forumlarının keçirilməsi isə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq imkanlarını genişləndirib. 2026-cı ildə ilk dəfə iki ölkənin QHT-ləri üçün birgə qrant müsabiqəsinin elan edilməsi bu əməkdaşlığın praktik mərhələyə keçdiyini göstərir.

Turizm sahəsində artım da xalqlar arasında birbaşa təmasların genişləndiyini nümayiş etdirir.
Özbəkistan vətəndaşlarının Azərbaycana səfərlərinin artması ölkəmizə marağın yüksəldiyini göstərən göstəricilərdən biridir. Qardaşlaşmış şəhərlər formatı da humanitar diplomatiyanın mühüm mexanizmlərindən biridir. Bakı-Daşkənd, Şuşa-Xivə, Lənkəran-Buxara və digər şəhərlər arasında qurulan əlaqələr regional səviyyədə qarşılıqlı münasibətləri dərinləşdirir.

Bu münasibətlər insanların bir-birini daha yaxından tanımasına və ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsinə imkan verir. Deməli, Azərbaycan-Özbəkistan əməkdaşlığının humanitar ölçüsü siyasi və iqtisadi əlaqələri tamamlayan mühüm strateji istiqamətdir.

Bu istiqamətin davamlı inkişafı iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin gələcəkdə də möhkəm qalmasının əsas təminatlarından biri olacaqdır.

Azər Cəfərov
Neftçala rayonu