Apple şirkətinin yaxın zamanda təqdim etdiyi ən ucuz noutbuk modeli olan MacBook Neo, eyni zamanda ən asan təmir edilə bilən cihaz kimi də ön plana çıxıb. Elektron cihazların daxili quruluşunu araşdırması ilə tanınan iFixit komandası, yeni noutbukun təmir imkanlarını qiymətləndirərək 10 baldan 6 bal verib.
Redaksiya məlumat verir ki, bu nəticə MacBook seriyası üçün son 14 ildə əldə edilmiş ən yüksək göstəricidir. MacBook Neo-nun təmir edilə bilməsində əsas rol oynayan amillərdən biri batareyanın yapışqanla deyil, vidalarla bərkidilməsidir. Bu dəyişiklik batareyanın dəyişdirilməsini daha sadə və rutin bir əməliyyata çevirir.
Cihazın daxili dizaynının sadəliyi də təmir prosesini asanlaşdırır. Arxa panel açıldıqdan sonra batareya, dinamiklər, portlar və trekpadə birbaşa çıxış mümkündür. Anten sisteminin sadələşdirilməsi ekranın korpusdan daha rahat ayrılmasını təmin edir. Klavyenin dəyişdirilməsi üçün 41 vida və lentin sökülməsi tələb olunsa da, klavyenin digər modellərdə olduğu kimi üst korpusa perçinlənməməsi əhəmiyyətli bir üstünlükdür. Batareyanın vidalarla bərkidilməsi də bu prosesdə köməklik edir.
Apple-ın Force Touch trekpad əvəzinə mexaniki trekpadə üstünlük verməsi də təmir baxımından müsbət addım kimi dəyərləndirilir. Həmçinin, korpus daxilində istifadə olunan Torx Plus vidalarının ölçüləri aydın şəkildə etiketlənib ki, bu da texniklərə təmir zamanı kömək edir. Son illərdə edilən bəzi müsbət dəyişikliklər də qorunub saxlanılıb. iFixit-in məlumatına görə, Apple-ın Təmir Köməkçisi (Repair Assistant) sistemi test edilən bütün ehtiyat hissələrini problemsiz tanıyıb. USB-C portları və qulaqlıq girişi modulyar dizayn edilib, yəni bu hissələrin dəyişdirilməsi üçün ana plata müdaxilə tələb etmir.
Bununla belə, bəzi məhdudiyyətlər də mövcuddur. Neo modelində RAM və yaddaş modulları ana plataya lehimlənib, bu da sonradan yeniləmə imkanını məhdudlaşdırır. Alt qapaqda istifadə olunan pentalobe vidaları da təmir edilə bilmə qabiliyyəti baxımından mənfi qiymətləndirilir. iFixit Neo-nun təmir edilə bilməsini uğurlu hesab etsə də, bu təcrübənin digər MacBook modellərinə də şamil ediləcəyi barədə danışmaq üçün hələ tezdir. 599 ABŞ dolları (təhsil müəssisələri üçün 499 dollar) qiymətində olan bu model əsasən təhsil bazarına hədəflənib. Bu seqmentdə asan təmir edilə bilən cihazların böyük həcmli satınalmalar üçün əhəmiyyətli bir meyar olduğu qeyd edilir. Bununla belə, Avropa İttifaqının yeni qaydalarının Apple-ı daha asan təmir edilə bilən cihazlar hazırlamağa məcbur edəcəyi gözlənilir.
