Rusiyada sualtı atom qaz tankeri yaratmaq təklif olunub

Rusiyada sualtı atom qaz tankeri yaratmaq təklif olunub

Könül Məmmədova · Media ·

Rusiyada Şimal Dəniz Yolu ilə mayeləşdirilmiş təbii qazın daşınması üçün atom enerjisi ilə işləyən sualtı tanker yaradılması təklif olunub. Təşəbbüslə Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçuk çıxış edib.

Redaksiya xəbər verir ki, Kovalçuk layihəni Rusiya Nəqliyyat Nazirliyi və Sənaye və Ticarət Nazirliyinin birgə kollegiya iclasında təqdim edib. O, belə gəmini Şimal Dəniz Yolunda fəaliyyət göstərə biləcək “hərəkətli qaz kəməri” kimi xarakterizə edib.

Təklifə əsasən, qaz daşıyan gəminin tutumu Aframax tipli tankerlərlə müqayisə oluna biləcək. Layihədə üç standart şelf tipli nüvə enerji qurğusundan istifadə edilməsi nəzərdə tutulur.

Gəminin konstruksiyasının atom sualtı qayığının korpusu əsasında hazırlanması, hərəkət sistemlərinin isə buzqıran tipli olması təklif edilir. Konsepsiyaya görə, tanker marşrutun bir hissəsini suyun altında keçə, dayaz ərazilərdə isə su səthinə qalxaraq lazım gəldikdə buz örtüyünü yara bilər.

Hazırda söhbət konseptual təklifdən gedir. Layihənin maliyyələşdirilməsi, texniki-iqtisadi əsaslandırılması və real tikinti müddəti barədə məlumat açıqlanmayıb.