Fransanın Milli Birlik partiyasının liderlərindən Marin Le Pen ölkəsinin Rusiya ilə müharibə vəziyyətində olmadığını bildirib. O, Rusiya ilə qarşıdurmanın artıq müharibə mərhələsinə çatdığını deyən siyasətçilərin mövqeyini tənqid edib. Bu barədə Fransa mediası məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Le Pen "Biz Rusiya ilə müharibə vəziyyətində deyilik. Artıq müharibədə olduğumuzu deyənlər bizdə belə təəssürat yaradır ki, onlar müharibənin başlamasını istəyirlər" deyib.
Açıqlama Fransada Rusiyanın Avropaya qarşı hibrid təhdidləri və Ukraynaya dəstək məsələlərinin fəal müzakirə edildiyi bir vaxtda səsləndirilib. Fransa Prezidenti Emmanuel Makron son günlər Rusiyadan qaynaqlandığını bildirdiyi kiberhücumlar, pilotsuz uçuş aparatları və digər təhlükələrə qarşı müdafiənin gücləndirilməsinə çağırıb.
Le Pen və Milli Birlik partiyasının sədri Jordan Bardella eyni zamanda Moskvanın Fransanın daxili siyasətinə təzyiq və ya müdaxilə cəhdlərini qəbul etməyəcəklərini də bəyan ediblər. Kreml isə Rusiyanın Fransa və digər Avropa ölkələri üçün təhlükə yaratdığı barədə ittihamları rədd edib.
