Latviyada keçirilən NATO təlimi zamanı dörd italiyalı hərbçi öz bölmələrinin atəşi nəticəsində yaralanıb. Hərbçilərin olduğu avtomobil İtaliya ordusuna məxsus Dardo piyadaların döyüş maşınından açılan atəşə məruz qalıb. Bu barədə İtaliyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, yaralanan hərbçilərin hamısı Riqadakı hospitala çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
İtaliya Müdafiə Nazirliyi hadisə ilə bağlı daxili yoxlama başladıb. Araşdırmanın əsas məqsədi dost atəşinin insan səhvi, prosedur pozuntusu və ya texniki nasazlıq nəticəsində baş verdiyini müəyyənləşdirməkdir.
İtaliya mediası bildirir ki, insidentlə bağlı əlavə texniki ekspertizalar və istintaq tədbirləri aparılacaq. NATO təliminin digər mərhələlərinin davam edib-etmədiyi barədə əlavə məlumat verilməyib.
