İtaliyada məktəblərdə burqa və niqab qadağan edilib

İtaliyada məktəblərdə burqa və niqab qadağan edilib

Nizami Salmanov · Media ·

İtaliya hökuməti məktəblərlə bağlı yeni fərmanı təsdiqləyib. Qərara əsasən, məktəblərdə burqa və niqabdan istifadə qadağan edilir, siniflərdə italyan dilini kifayət qədər bilməyən müəyyən kateqoriyadan olan xarici şagirdlərin payı isə 30 faizlə məhdudlaşdırılır. Bu barədə ANSA agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Baş nazir Corciya Meloni yeni qaydaların məqsədinin şagirdlərin inteqrasiyasını gücləndirmək və "getto sinifləri"nin yaranmasının qarşısını almaq olduğunu bildirib. Hökumət italyan dilinin öyrənilməsi üçün əlavə imkanların yaradılacağını da açıqlayıb.

Burqa və ya niqab qadağasını pozanlara 200 avrodan 1000 avroyadək inzibati cərimə nəzərdə tutulur. Qaydanı pozan şəxs yetkinlik yaşına çatmayıbsa, cərimə onun valideyninə tətbiq ediləcək. Dil baryeri ciddi olan şagirdlərin ailələri üçün də pulsuz italyan dili kurslarında iştirak tələbi müəyyən edilib.

30 faizlik limit bütün xarici şagirdlərə avtomatik şamil edilmir. İbtidai və orta məktəblərdə bunun tətbiqi şagirdin İtaliyada doğulması, ölkənin təhsil sistemində neçə il oxuması və italyan dili üzrə hazırlıq səviyyəsi kimi meyarlardan asılı olacaq. Fərman qüvvəyə minsə də, daimi qanuna çevrilməsi üçün parlament tərəfindən təsdiqlənməlidir.