Kolumbiya hökuməti dağıdıcı zəlzələdən sonra xarici axtarış və xilasetmə qruplarının ölkəyə girişini məhdudlaşdırıb. Bogota yalnız ABŞ, İsrail, Ekvador və Salvadorun peşəkar xilasetmə komandalarını qəbul edəcəyini açıqlayıb. Bu barədə El Pais məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, digər ölkələrin axtarış və xilasetmə qruplarının göndərilməsi ilə bağlı təklifləri qəbul edilməyəcək. Hökumət seçilmiş dörd ölkənin komandalarının texniki imkanları və beynəlxalq sertifikatlaşdırma meyarlarına uyğunluğunu əsas gətirib.
Kolumbiyaya Meksika, Braziliya, Çili, Argentina və İspaniya da daxil olmaqla bir sıra ölkələrdən yardım və xilasetmə dəstəyi təklif edilib. Bununla belə, xarici xilasedicilərin qəbulu ilə bağlı məhdudiyyət ölkə daxilində və xaricdə müzakirələrə səbəb olub.
Avqustun 10-da Kolumbiyanın qərbində 7,4 bal gücündə zəlzələ baş verib. Yerli və beynəlxalq xilasetmə qüvvələri dağıntılar altında qalan insanların tapılması istiqamətində əməliyyatları davam etdirirlər.
