Kolomnada 600 illik gümüş sikkə xəzinəsi tapılıb

Kolomnada 600 illik gümüş sikkə xəzinəsi tapılıb

Aytac Dəniz · Media ·

Moskva vilayətinin Kolomna şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 600 il əvvəl torpağa basdırıldığı ehtimal edilən böyük gümüş sikkə xəzinəsi aşkarlanıb.

Redaksiya xəbər verir ki, gil küpün içərisindən XV əsrə aid 2,6 mindən çox gümüş sikkə çıxarılıb. Xəzinənin əsas hissəsini knyazlar I Vasili Dmitriyeviç və II Vasili Vasilyeviç Tyomnının hakimiyyəti dövründə dövriyyədə olmuş sikkələr təşkil edir.

Mütəxəssislərin ilkin qiymətləndirməsinə görə, sikkələr əsasən XV əsrin ikinci və üçüncü onilliklərində zərb olunub. Həmin dövrdə xəzinənin ümumi dəyərinin təxminən 13 rubl olduğu bildirilir.

Bu məbləğ XV əsr üçün olduqca böyük sərvət hesab edilirdi. Bildirilir ki, həmin pulla iki şəhər evi və bütöv bir at ilxısı almaq mümkün idi. Tapıntının müasir pulla dəyərinin təxminən 500 milyon rubla çata biləcəyi qeyd olunur.

Alimlər xəzinənin sahibinin pulları bölgədə yayılan taun epidemiyası dövründə təhlükəsizlik məqsədilə gizlətmiş ola biləcəyini ehtimal edirlər. Küpün sonradan niyə geri götürülmədiyi isə məlum deyil.