Gündə mütləq 8 saat yatmaq fikrinin hər kəs üçün keçərli tibbi norma olmadığı bildirilir. Yuxuya ehtiyac yaşdan, genetik xüsusiyyətlərdən, həyat tərzindən və sağlamlıq vəziyyətindən asılı olaraq insandan insana dəyişə bilər. Bu barədə The Conversation məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, “8 saat iş, 8 saat istirahət, 8 saat yuxu” yanaşmasının kökləri XIX əsrin əmək hərəkatına gedib çıxır və sonradan sadələşdirilmiş universal yuxu qaydası kimi qəbul olunmağa başlayıb.
Məqalədə sənayeləşmədən əvvəlki ovçu-toplayıcı icmalar üzərində aparılan araşdırmalara da diqqət çəkilir. Belə cəmiyyətlərdə insanların gecə orta hesabla təxminən 6,5 saat yatdığı və çox vaxt səhərə yaxın təbii şəkildə oyandığı müşahidə olunub.
Mütəxəssislər bəzi insanların 6-7 saat yuxu ilə özünü yaxşı hiss edə bildiyini, digərlərinin isə daha uzun yuxuya ehtiyac duyduğunu vurğulayırlar. Əsas göstərici yalnız saatların sayı deyil, insanın gün ərzində ayıq, enerjili və funksional olub-olmamasıdır.
Təsadüfi olaraq bir gecə az yatmaq da adətən ciddi narahatlıq səbəbi sayılmır. Problem yuxu çatışmazlığının davamlı xarakter alması və gündəlik fəaliyyətə, əhval-ruhiyyəyə və sağlamlığa təsir etməsi halında yaranır.
