İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana qarşı müharibəni yenidən davam etdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, İsrail ordusu həm müdafiə, həm də hücum üçün hazır vəziyyətə gətirilib.
Redaksiya Channel 14 və Euronews-ə istinadla xəbər verir ki, Katz təhlükəsizlik qiymətləndirməsindən sonra verdiyi açıqlamada hədəflərin artıq müəyyənləşdirildiyini deyib. Nazir bildirib ki, İsrail hazırda ABŞ-dan siyasi razılıq, yəni “yaşıl işıq” gözləyir.
Katzın sözlərinə görə, mümkün yeni hücum əvvəlkilərdən daha sərt və dağıdıcı olacaq. O, İranın enerji, elektrik və milli iqtisadi infrastrukturunun əsas hədəflər sırasında ola biləcəyini açıqlayıb.
Açıqlama ABŞ və İran arasında Hörmüz boğazı ətrafında gərginliyin artdığı, İsrailin isə bölgədə mümkün yeni hərbi mərhələyə hazırlaşdığı bir vaxtda səslənib. İsrail tərəfi Tehrana qarşı təzyiqin davam etdirilməsini təhlükəsizlik prioriteti kimi təqdim edir.
