İranda dekabrın sonundan davam edən kütləvi etirazlar zamanı ölənlərin olduğu bildirilir. Yerli və beynəlxalq media bu aksiyaları son illərin ən genişmiqyaslı etiraz dalğası kimi qiymətləndirir.
Redaksiya Reuters istinadla xəbər verir ki, etirazlar zamanı azı on altı nəfər həyatını itirib. Aksiyalar ölkə üzrə müxtəlif şəhərləri əhatə edir və təhlükəsizlik qüvvələrinin müdaxiləsi fonunda gərginlik davam edir.
Məlumata görə, etirazların əsas səbəbi yüksək inflyasiya və milli valyutanın kəskin dəyər itirməsidir. İran rialının ABŞ dolları qarşısında dəyərinin ciddi şəkildə azalması əhalinin narazılığını artırıb. İlk olaraq dükan sahibləri etirazlara başlayıb, daha sonra tələbələr də aksiyalara qoşulub.
Hakimiyyət nümayəndələri etirazçılarla dialoq aparıldığını bəyan etsələr də, bu danışıqların məzmunu barədə ətraflı məlumat verilməyib. “The Times” nəşrinin iddiasına görə, İranın ali rəhbəri Əli Xamenei vəziyyətin nəzarətdən çıxacağı halda Tehrandan təxliyə planı hazırlayıb və paytaxtı tərk edə bilər.
Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran hakimiyyəti etirazçılara qarşı ölümcül güc tətbiq edərsə, ABŞ buna çox sərt cavab verəcək. Onun sözlərinə görə, Vaşinqton baş verənləri diqqətlə izləyir və mümkün addımlar gündəmdədir.
