İran xarici işlər naziri ölkədə sakitliyin bərpa olunduğunu açıqladı

İran xarici işlər naziri ölkədə sakitliyin bərpa olunduğunu açıqladı

Sevinc Kərimova · Siyasət ·

İranın xarici işlər naziri Abbas Əraqçi Fox News telekanalına müsahibəsində ölkədə vəziyyətin nəzarət altında olduğunu və hazırda sakitliyin hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, son günlərdə baş verən hadisələrdən sonra təhlükəsizlik təmin edilib və dövlət strukturları tam fəaliyyət göstərir.

Redaksiya xəbər verir ki, nazir ABŞ prezidenti Donald Trampa müraciət edərək iyun ayında yol verilmiş səhvin təkrarlanmamasını tövsiyə edib. O bildirib ki, uğursuz təcrübənin yenidən sınanması eyni nəticəyə gətirib çıxarar və müharibə ilə diplomatiya arasında seçim edilərsə, diplomatiya daha düzgün yoldur.

Müsahibə zamanı ölənlərin sayı ilə bağlı sualı cavablandıran iranlı nazir qeyd edib ki, təhlükəsizlik qüvvələri etirazçılara qarşı deyil, terrorçulara qarşı döyüş aparıb. Onun iddiasına görə, silahlı qruplar ABŞ prezidenti Donald Trampı müharibəyə cəlb etmək məqsədilə atəş açıb və bu proses İsrail tərəfindən planlaşdırılmış təxribat olub.

Nazir həmçinin ali dini liderin sosial şəbəkədə sərt ritorika nümayiş etdirməsini müharibə şəraitində normal hal kimi izah edib. Onun sözlərinə görə, üç gün davam edən anti-terror əməliyyatlarından sonra ölkədə tam sakitlik yaranıb və hökumət vəziyyətə tam nəzarət edir.