İdmançılarımızın uğurları beynəlxalq aləmdə ölkəmizin nüfuzunu artırır

İdmançılarımızın uğurları beynəlxalq aləmdə ölkəmizin nüfuzunu artırır

Aytac Dəniz · Media ·

Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edərkən çıxışında Azərbaycan idmanının ümumi inkişafının artıq göz önündə olduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, ölkəmizin idmançıları həm Olimpiya Oyunlarında, həm də dünya və Avropa Çempionatlarında daim yüksək nəticələr göstərərək Azərbaycanı ləyaqətlə təmsil edirlər. Dövlət başçısının sözlərinə görə, idmanda qələbələrlə yanaşı, məğlubiyyətlər də qaçılmazdır və bu, idmanın təbii tərkib hissəsidir. Əsas məsələ isə idmançılarda güclü qələbə əzminin, iradənin və daim irəli getmək istəyinin olmasıdır ki, bu keyfiyyətlər də Azərbaycan idmançılarında aydın şəkildə özünü göstərir.

Prezident vurğulayıb ki, Azərbaycanın əldə etdiyi idman uğurları ölkəmizin ümumi inkişafının, güclü dövlət və birlikdə yaşayan qalib xalqın göstəricisidir. Bu gün Azərbaycan xalqı yalnız siyasi və iqtisadi sahədə deyil, idmanda da qazandığı nailiyyətlərlə fəxr edir. İdmançılarımızın uğurları beynəlxalq aləmdə ölkəmizin nüfuzunu artırır, Azərbaycanı daha yaxından tanıdır və müsbət imic formalaşdırır.

Dövlət başçısı bildirib ki, onun idmançılarla görüşləri müntəzəm xarakter daşıyır və bu sahəyə olan diqqət daim yüksək səviyyədə saxlanılır. O qeyd edib ki, təxminən 30 ilə yaxın müddət ərzində Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi dövründə idmanın inkişafı ilə bağlı bir çox mühüm mərhələlərin şahidi olub. Bu illər ərzində idmanın dayanıqlı inkişafı təmin edilib, uğurlar ardıcıl xarakter alıb və yeni, perspektivli gənc nəsil yetişib. Prezident vurğulayıb ki, neçə-neçə nəsillər dəyişsə də, Azərbaycan idmanı öz uğurlu ənənələrini qoruyaraq inkişaf etməyə davam edir və bu gün də yeni qələbələrlə xalqımızı sevindirir.

O, əminliyini ifadə edib ki, həm Azərbaycan Güləş Federasiyası, həm də digər idman federasiyaları gələcəkdə fəaliyyətlərini daha da təkmilləşdirərək elə quracaqlar ki, Azərbaycan tamaşaçıları beynəlxalq yarışları izləyərkən daim sevinc və qürur hissi yaşayacaqlar.

Prezident İlham Əliyev çıxışında ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının əhəmiyyətinə də toxunaraq bildirib ki, bu cür mötəbər tədbirlər idman növlərinin populyarlaşmasına, gənclərin idmana marağının artmasına və Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına böyük töhfə verir. O qeyd edib ki, Azərbaycan artıq böyük təcrübəyə malikdir və indiyədək bir sıra mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Bu sırada Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi nüfuzlu turnirlərin təşkili xüsusi yer tutur və bu yarışlar miqyasına görə demək olar ki, Yay Olimpiya Oyunlarına yaxın səviyyədə keçirilir.

Dövlət başçısı həmçinin qeyd edib ki, son illərdə keçirilən MDB Oyunlarının paytaxtla yanaşı bölgələrdə təşkili ölkəmizin geniş idman potensialından xəbər verir. Bu, eyni zamanda regionlarda idmanın inkişafına verilən önəmin göstəricisidir. Onun sözlərinə görə, bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu siyasət öz real nəticələrini verməkdədir.

Prezident xüsusi olaraq vurğulayıb ki, Avropa çempionatında qazanılan qələbə yalnız uğur deyil, həm də tarixi nailiyyətdir. O qeyd edib ki, həm yunan-Roma güləşi, həm də sərbəst güləş növlərində Azərbaycan milli komandalarının komanda hesabında birinci yeri tutması olduqca əhəmiyyətli hadisədir. Bu, Azərbaycan güləş məktəbinin gücünü, idmançılarımızın peşəkarlığını və məşqçi heyətinin yüksək səviyyədə fəaliyyətini bir daha təsdiqləyir.

Çinarə Qardaşova
Neftçala rayonu