Qlobal gəmiçilik sənayesi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçid planına ehtiyatla yanaşır. Bir çox şirkət hesab edir ki, “Project Freedom” əməliyyatı ilə bağlı detallar kifayət qədər aydın deyil və riskləri real şəkildə qiymətləndirməyə imkan vermir.
Redaksiya The Telegraph, Lloyd’s List və The Guardian-a istinadla xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşayiət edəcəyinə dair zəmanətlərə baxmayaraq, bazar iştirakçıları boğazdan keçidi hələ də təhlükəli hesab edirlər. Sənaye nümayəndələri bildirirlər ki, hücumlar, minalar, sığorta xərcləri və İranla mümkün birbaşa toqquşma riski aradan qalxmayıb.
Gəmi sahiblərinin bir hissəsi hərbi müşayiətin belə onların qərarını dəyişmədiyini bildirir. Onların fikrincə, müşayiət mexanizminin necə işləyəcəyi, hansı gəmilərin prioritet alacağı, hücum halında cavab qaydalarının necə tətbiq ediləcəyi və sığorta məsuliyyətinin kimdə olacağı hələ də tam aydın deyil.
BIMCO rəsmiləri bildirirlər ki, İranın razılığı olmadan kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək çətin görünür. Sektor nümayəndələri hesab edirlər ki, İranın gəmilərə qarşı təhdidi azalmadan və bölgədə hərbi risklər aşağı düşmədən Hörmüz marşrutu üzrə normal ticarətin bərpası real görünmür.
Hörmüz boğazı qlobal enerji daşımalarının əsas keçidlərindən biri olduğu üçün burada davam edən qeyri-müəyyənlik neft, LNG və sığorta bazarlarına birbaşa təsir göstərir. Gəmiçilik şirkətləri üçün əsas məsələ siyasi bəyanatlar deyil, ekipajların təhlükəsizliyi, sığorta təminatı və real əməliyyat risklərinin azaldılmasıdır.
