Dünyanın yaxşı tanıdığı, Nobel mükafatı laureatı, fizikaçı Devid Qross nüvə müharibəsi riskinin artması ilə bağlı xəbərdarlıq edib. Newsweek-in məlumatına görə, Qross hesab edir ki, hazırkı geosiyasi gərginliklər fonunda bəşəriyyət qarşıdakı onilliklərdə ciddi nüvə təhlükəsi ilə üzləşə bilər.
Redaksiya istinadla xəbər verir ki, fizik Live Science-a müsahibəsində bildirib ki, nüvə müharibəsi ehtimalı artıq əvvəlki dövrlərlə müqayisədə daha yüksək görünür. Onun sözlərinə görə, Soyuq müharibədən sonra illik nüvə müharibəsi riski təxminən 1 faiz kimi qiymətləndirilirdisə, hazırda bu göstərici 2 faizə yaxın ola bilər. Qross bunu “kobud hesablamaya” əsaslanan ehtimal kimi təqdim edib.
Bu hesablamaya əsasən, illik 2 faizlik risk uzunmüddətli perspektivdə nüvə münaqişəsinin orta gözlənilən vaxtını təxminən 35 il səviyyəsinə gətirir. Newsweek yazır ki, bu yanaşma radioaktiv maddələrin yarımparçalanma müddətini hesablamaq üçün istifadə olunan ehtimal modellərinə bənzər prinsiplərə əsaslanır.
Qross nüvə riskinin artmasını bir neçə amillə əlaqələndirib. O, Avropada davam edən müharibəni, İran ətrafında gərginliyi, Hindistan və Pakistan arasında mümkün qarşıdurma risklərini, həmçinin nüvə silahına malik ölkələrin sayının artmasını əsas səbəblər kimi göstərib. Fizikin fikrincə, silahlara nəzarət mexanizmlərinin zəifləməsi və Sİ-nin hərbi sistemlərdə mümkün istifadəsi vəziyyəti daha da təhlükəli edir.
Newsweek qeyd edir ki, Qrossun açıqlaması nüvə müharibəsinin qaçılmaz olduğu anlamına gəlmir. Fizik əsas çıxış yolu kimi dövlətlər arasında dialoqun bərpasını və daha güclü beynəlxalq razılaşmaların imzalanmasını göstərib.
Qeyd edək ki, Qross 2004-cü ildə fizika üzrə Nobel mükafatına layiq görülüb. O, həmçinin bu yaxınlarda fundamental fizika sahəsinə ömürlük töhfəsinə görə 3 milyon dollarlıq Special Breakthrough Prize mükafatı alıb.
