Çin alimləri raket vasitəsilə süni ildırım yaradıblar

Çin alimləri raket vasitəsilə süni ildırım yaradıblar

Aytac Dəniz · Media ·

Çin alimləri ildırımın elektromaqnit təsirlərini araşdırmaq məqsədilə nazik mis naqil daşıyan raketi səmaya buraxaraq süni şəkildə ildırım boşalması yaradıblar. Bu üsul ildırımın xüsusiyyətlərini daha dəqiq öyrənməyə və mühafizə texnologiyalarını təkmilləşdirməyə imkan verir.

Redaksiya xəbər verir ki, təcrübə zamanı raket nazik mis naqili özü ilə birlikdə göy gurultulu buludlara doğru aparır. Naqil güclü elektrik sahəsində elektrik boşalmasının yaranmasına şərait yaradır və ildırımın əvvəlcədən müəyyən edilmiş ərazidə baş verməsinə imkan verir. Nəticədə alimlər ildırımın elektromaqnit təsirlərini xüsusi ölçmə cihazları vasitəsilə yaxından müşahidə edə bilirlər.

Tədqiqatın əsas məqsədi ildırım zamanı yaranan elektrik cərəyanını, elektromaqnit sahələrini və onların müxtəlif avadanlıqlara təsirini araşdırmaqdır. Əldə olunan məlumatlardan binalar, təyyarələr və elektrik şəbəkələri üçün daha təkmil ildırımdan mühafizə sistemlərinin hazırlanmasında istifadə oluna bilər.

Alimlərin fikrincə, bu texnologiyanın üstünlüklərindən biri ildırım boşalmasının yerini və müəyyən dərəcədə vaxtını idarə etmək imkanının olmasıdır. Bu isə təbii ildırımları təsadüfi şəkildə gözləmədən nəzarət olunan şəraitdə ölçmələr aparmağa və mühafizə sistemlərinin dayanıqlığını sınaqdan keçirməyə şərait yaradır.

Qeyd edək ki, raket və naqildən istifadə etməklə ildırımın süni şəkildə yaradılması yeni texnologiya deyil. Çin alimləri bu istiqamətdə uzun illərdir tədqiqatlar aparırlar. Elmi araşdırmalara əsasən, ölkənin Quandun əyalətində 2006-2011-ci illərdə keçirilmiş təcrübələr zamanı 49 ildırım boşalması uğurla yaradılıb. Bu tədqiqatların nəticələri ildırımın fiziki xüsusiyyətlərinin öyrənilməsi və elektrik mühafizə sistemlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır.