Vatikan rəhbərindən Rusiya və Ukraynaya taxıl çağırışı

Vatikan rəhbərindən Rusiya və Ukraynaya taxıl çağırışı

Könül Məmmədova · Media ·

Roma Papası XIV Leo Rusiya və Ukraynanı Qara dəniz vasitəsilə taxıl daşımalarının təhlükəsizliyini təmin etməyə çağırıb. Katolik Kilsəsinin rəhbəri müharibənin qlobal ərzaq təhlükəsizliyinə mənfi təsir göstərdiyini vurğulayıb. Bu barədə Vatican News portalı məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Papa XIV Leo oktyabrın 11-də Vatikanda Müqəddəs Pyotr meydanında keçirilən ənənəvi bazar duasından sonra çıxışı zamanı Ukraynada davam edən müharibənin humanitar nəticələrinə diqqət çəkib. O bildirib ki, hərbi əməliyyatların fəsadları yalnız münaqişə bölgəsi ilə məhdudlaşmır, dünyanın müxtəlif ölkələrində milyonlarla insanın həyatına təsir göstərir.

“Qara dəniz vasitəsilə taxıl daşımalarının təhlükəsiz şəkildə davam etdirilməsinə imkan yaradılması üçün münaqişə tərəflərinə səmimi çağırış edirəm. Milyonlarla insanın gündəlik çörəyi müharibənin girovuna çevrilməməlidir”, - deyə Roma Papası vurğulayıb.

Vatikan rəhbərinin sözlərinə görə, Ukraynada davam edən müharibə xüsusilə taxıl idxalından asılı olan yoxsul ölkələrdə ciddi çətinliklər yaradır. O qeyd edib ki, münaqişənin nəticələri Ukrayna sərhədlərindən çox uzaqlarda da hiss olunur və ərzaq təminatında yaranan problemlər həssas əhali qruplarının vəziyyətini ağırlaşdırır.

Papa XIV Leo müharibə tərəflərini humanitar məsələləri nəzərə almağa və taxılın beynəlxalq bazarlara təhlükəsiz çatdırılmasına şərait yaratmağa səsləyib.

Qeyd edək ki, Ukrayna dünya taxıl bazarında mühüm ixracatçılardan biridir. Qara dəniz üzərindən həyata keçirilən daşımalar xüsusilə Afrika və Yaxın Şərq ölkələrinin ərzaq təminatında əhəmiyyətli rol oynayır. Müharibə səbəbindən bu marşrutlarda yaranan təhlükəsizlik problemləri beynəlxalq ərzaq tədarükünə təsir göstərir.