Roma Papası XIV Leonun ağciyərində düyün aşkarlanıb və o, yaxın günlərdə cərrahi əməliyyat olunacaq. Katolik Kilsəsinin 71 yaşlı rəhbəri bu barədə oktyabrın 11-də Vatikanda çıxışı zamanı məlumat verib. Xəbəri Vatican News portalı yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Roma Papası son tibbi müayinələr zamanı ağciyərində kiçik, məhdud nahiyədə yerləşən düyün aşkarlandığını bildirib. Onun sözlərinə görə, törəmə çox erkən mərhələdə müəyyən edilib və həkimlər cərrahi müdaxiləni məqsədəuyğun hesab edirlər.
“Son tibbi müayinələr zamanı həkimlər ağciyərimdə kiçik düyün aşkar ediblər. O, çox erkən mərhələdə müəyyən olunub və məhdud nahiyədə yerləşir. Həkimlər cərrahi müdaxiləni məqsədəuyğun hesab etdikləri üçün onların tövsiyəsinə əməl edərək əməliyyat olunmağa qərar vermişəm. Əməliyyat yaxın günlərə planlaşdırılıb”, - deyə Papa XIV Leo bildirib.
Vatikanın mətbuat xidməti əməliyyatın həftənin ilk günlərində keçiriləcəyini açıqlayıb. Papanın Romadakı Cemelli xəstəxanasında əməliyyat olunacağı, əməliyyatdan sonrakı bərpa müddətinin isə təxminən bir həftə çəkəcəyi gözlənilir.
Hələlik ağciyərdə aşkarlanan düyünün xoşxassəli və ya bədxassəli olduğu barədə məlumat verilməyib. Vatikan törəmənin dəqiq diaqnozunu açıqlamayıb.
Qeyd edək ki, 2025-ci ilin mayında Roma Papası seçilən XIV Leo ABŞ əsilli ilk pontifikdir. Onun noyabr ayında Uruqvay, Argentina və Peruya səfəri planlaşdırılır. Hazırda əməliyyatın bu səfərlərə təsir edib-etməyəcəyi barədə rəsmi məlumat yoxdur.
