Efiopiya Baş nazirinin olduğu bildirilən aviabazaya hücum edilib

Efiopiya Baş nazirinin olduğu bildirilən aviabazaya hücum edilib

Nizami Salmanov · Media ·

Efiopiyanın Bişoftu şəhərində yerləşən Debre Zeyt hərbi hava bazasına dronla hücum edildiyi bildirilir. Efiopiya Xalqlarının Yaşamaq Uğrunda Qüvvələr Alyansı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İlkin məlumatlarda bazada itkilərin olduğu bildirilir. Bu barədə ChimpReports məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, alyans bazaya uzaqmənzilli hücum həyata keçirdiyini açıqlayıb. Qrupun iddiasına görə, hücum nəticəsində bir helikopter pilotu ölüb, daha iki nəfər isə ağır yaralanıb. Efiopiya hakimiyyəti hücumu və itkilərlə bağlı məlumatları hələ rəsmi şəkildə təsdiqləməyib.

Hücum zamanı Efiopiyanın Baş naziri Əbi Əhmədin aviabazada bayram tədbirində iştirak etdiyi də iddia olunur. Lakin onun həmin vaxt bazada olması və hücumun birbaşa baş naziri hədəf alması müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Efiopiya Xalqlarının Yaşamaq Uğrunda Qüvvələr Alyansı sentyabrın 21-də ölkədə fəaliyyət göstərən yeddi silahlı qrup tərəfindən yaradılıb. Alyansa Tiqray Xalq Azadlıq Cəbhəsi, Oromo Azadlıq Ordusu və Amhara Fano Milli Hərəkatı da daxildir. Qruplar Əbi Əhməd hökumətinə qarşı birgə fəaliyyət göstərəcəklərini açıqlayıblar.