Azərbaycan investisiyanın yeni mərhələsinə qədəm qoyur

Azərbaycan investisiyanın yeni mərhələsinə qədəm qoyur

Aytac Dəniz · İqtisadiyyat ·

 Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələlərdən biri neft-qaz sektorunun aparıcı rolunu qorumaqla yanaşı, qeyri-neft sahələrinin inkişafını sürətləndirməkdir.

 II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi inkişaf modelinin yeni mərhələsini müzakirə etmək baxımından mühüm platforma kimi diqqəti cəlb edir. Forumda səsləndirilən fikirlər göstərir ki, ölkənin investisiya siyasətində əsas məqsədlərdən biri uzunmüddətli və dayanıqlı iqtisadi artımın təmin edilməsidir. Bunun üçün ilk növbədə makroiqtisadi sabitliyin qorunması mühüm şərt hesab olunur. Son iki onillik ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi ölkənin investisiya potensialının miqyasını göstərən mühüm göstərici kimi təqdim olunur. Bu investisiyaların təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi beynəlxalq biznes dairələrinin Azərbaycana marağını xarakterizə edir.

İnvestor üçün yalnız maliyyə imkanlarının mövcudluğu kifayət etmir. Siyasi sabitlik, iqtisadi proqnozlaşdırıla bilənlik və müqavilə öhdəliklərinə münasibət də investisiya qərarlarında mühüm rol oynayır. Forumda iştirak edən Dövlət başçısı cənab İlham Əliyev çıxış edərək Azərbaycanın uzunmüddətli tərəfdaşlıq prinsiplərinə xüsusi əhəmiyyət verdiyini vurğuladı. Bu yanaşma ölkənin beynəlxalq biznes mühitində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Maliyyə ehtiyatlarının və dövlət borcunun vəziyyəti də iqtisadi dayanıqlılığın mühüm elementləri hesab olunur. Beləliklə, investisiya siyasəti yalnız yeni kapitalın cəlb edilməsinə deyil, həm də mövcud iqtisadi imkanların səmərəli idarə edilməsinə əsaslanır. Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələlərdən biri neft-qaz sektorunun aparıcı rolunu qorumaqla yanaşı, qeyri-neft sahələrinin inkişafını sürətləndirməkdir. Məlum olduğu kimi ÜDM-də qeyri-neft sektorunun payı yüksək olsa da, ixrac strukturunda neft və qazın çəkisi hələ də böyükdür. Bu vəziyyət iqtisadi şaxələndirmənin ixrac istiqamətində daha da gücləndirilməsinin vacibliyini göstərir. Şaxələndirmə ölkənin xarici bazarlardakı dəyişikliklərə həssaslığının azaldılması baxımından da əhəmiyyətlidir. Yeni investisiyaların qeyri-neft sektoruna yönəldilməsi bu prosesin sürətlənməsinə imkan yarada bilər. Bərpaolunan enerji, logistika, nəqliyyat, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və data mərkəzləri bu baxımdan perspektivli istiqamətlər kimi önə çıxır. Bu sahələrin hər biri Azərbaycanın mövcud coğrafi, infrastruktur və enerji üstünlükləri ilə əlaqələndirilir. Xüsusilə enerji sektorunda yeni imkanların formalaşması iqtisadiyyatın texnoloji transformasiyası üçün əlavə resurs yaradır. Elektrik enerjisinin ixracı ilə yanaşı, enerjidən rəqəmsal iqtisadiyyatın inkişafında istifadə olunması yeni iqtisadi modelin mühüm komponentinə çevrilə bilər. Nəticə etibarilə, Azərbaycanın investisiya siyasətinin növbəti mərhələsi kapitalın həcmi ilə yanaşı, onun keyfiyyətinə və iqtisadiyyatda yaratdığı əlavə dəyərə də əsaslanmalıdır. Xarici investorların ölkəyə gətirdiyi texnologiya, idarəetmə təcrübəsi və insan kapitalı uzunmüddətli inkişaf üçün mühüm resursdur.

Eyni zamanda yerli sahibkarlığın və milli şirkətlərin beynəlxalq dəyər zəncirlərinə inteqrasiyası da təşviq edilməlidir. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yalnız investisiya imkanlarının təqdimatı deyil, həm də Azərbaycanın gələcək iqtisadi modelinin istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətlidir. Qarşıdakı mərhələdə əsas məsələ mövcud üstünlükləri daha yüksək əlavə dəyər yaradan sahələrə çevirməkdir. Belə yanaşma Azərbaycanın iqtisadi dayanıqlığını gücləndirməklə yanaşı, ölkənin beynəlxalq investisiya məkanındakı mövqeyinin də möhkəmlənməsinə şərait yarada bilər.

 

Gündüz Əsgərov

Neftçala rayonu