Azərbaycanın coğrafi mövqeyi ölkənin iqtisadi inkişafında mühüm üstünlüklərdən biridir. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişdiyi məkanda qərarlaşır. Bu coğrafi üstünlüyün iqtisadi nəticəyə çevrilməsi isə yalnız əlverişli mövqenin mövcudluğu ilə mümkün deyil. Bunun üçün müasir infrastruktur, səmərəli idarəetmə və regional əməkdaşlıq tələb olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edərək geniş məzmunlu nitq söylədi.
Ölkə başçısının nitqində diqqətçəkən məqamlardan biri də müasir dünydada nəqliyyat və logistikanın iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biri kimi önə çıxması idi. Azərbaycan son illərdə dəmir yollarına, avtomobil yollarına, hava limanlarına və dəniz limanlarına böyük investisiyalar yatırıb. Bu infrastruktur layihələri ölkənin tranzit imkanlarının genişləndirilməsi üçün baza yaradıb. Dəmir yollarının elektrikləşdirilməsi və qonşu ölkələrlə dəmir yolu bağlantılarının mövcudluğu tranzit sisteminin səmərəliliyini artıran amillər sırasında göstərilir. Nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, təchizat zəncirlərinin dəyişən strukturu Azərbaycanın tranzit imkanlarına yeni əhəmiyyət qazandırır. Qlobal iqtisadiyyatda logistika marşrutlarının şaxələndirilməsi məsələsi getdikcə daha çox diqqət çəkir. Azərbaycan bu prosesdə öz coğrafi mövqeyindən və mövcud infrastrukturundan istifadə edə bilər.
Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə daşımaların artması bu potensialın praktiki göstəricilərindən biridir. Forumda tranzit yüklərin həcminin 2026-cı ildə 16 milyon tona çatmasının və 2030-cu ilədək 25 milyon ton və daha yüksək səviyyəyə yüksəldilməsinin hədəfləndiyi elan edildi. Lakin tranzit ölkə olmaq yalnız yolların və limanların mövcudluğu ilə ölçülmür. Gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal idarəetmə və yüklərin sürətli emalı da rəqabət qabiliyyətinin əsas elementləridir. Müasir logistika sistemində vaxt itkisi və inzibati prosedurlar əlavə xərc yaradan amillərə çevrilə bilər. Buna görə də Azərbaycanın qarşısında duran vəzifələrdən biri fiziki infrastrukturla rəqəmsal infrastrukturu vahid sistemdə birləşdirməkdir. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi də nəqliyyat imkanlarına əlavə perspektivlər açır. Bu əməkdaşlıq yalnız tranzit daşımalarla məhdudlaşmır. Enerji, rəqəmsal bağlantılar və ticarət əlaqələri də nəqliyyat infrastrukturu ilə qarşılıqlı şəkildə inkişaf edə bilər. Beləliklə, Azərbaycan regional iqtisadi əlaqələrin birləşdirici həlqələrindən birinə çevrilmək imkanına malikdir. Bu potensialın tam reallaşdırılması üçün qonşu dövlətlərlə koordinasiya xüsusi əhəmiyyət daşıyır.
Çünki beynəlxalq nəqliyyat dəhlizləri bir ölkənin sərhədləri ilə məhdudlaşmır. Marşrutun bir hissəsində yaranan problem bütün dəhlizin səmərəliliyinə təsir göstərə bilər. Buna görə də Azərbaycan üçün regional əməkdaşlıq logistika siyasətinin ayrılmaz hissəsidir. Nəticə etibarilə, Azərbaycanın logistika strategiyasının növbəti mərhələsi infrastrukturun genişləndirilməsi ilə yanaşı, xidmət keyfiyyətinin yüksəldilməsinə əsaslanmalıdır.
Sürətli gömrük prosedurları, rəqəmsal izləmə sistemləri və multimodal daşımaların inkişafı ölkənin rəqabət qabiliyyətini gücləndirə bilər. Bu istiqamətdə investisiyalar Azərbaycanın tranzit imkanlarını iqtisadi artım və yeni biznes imkanlarına çevirə bilər. Beləliklə, coğrafi mövqe yalnız təbii üstünlük deyil, düzgün idarəetmə şəraitində uzunmüddətli iqtisadi kapitala çevrilən strateji resursdur.
Fəridə Əbilova
Neftçala rayonu
