“Kömürçü Residence” MMC-nin vergi borcunun ümidsiz borc kimi silinməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiası üzrə məhkəmə çəkişməsi başa çatıb.
Plat.az-ın əldə etdiyi məlumata görə, üç məhkəmə instansiyasında araşdırılan iş üzrə şirkətin 163 188,29 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsi tələbi təmin edilib.
İş materiallarına əsasən, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Kömürçü Residence” MMC barəsində Cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2018-ci il tarixli və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2023-cü il tarixli qərarlar qəbul edilib.
Şirkət həmin qərarlarla hesablanmış ümumilikdə 163 188,29 manat borc məbləğinin ümidsiz borc kimi silinməsini tələb edib. Lakin məsələ ilə bağlı müsbət nəticə əldə edilmədikdən sonra məhkəməyə üz tutub.
“Kömürçü Residence” MMC-nin mövqeyinə görə, onun barəsində keçirilmiş səyyar vergi yoxlamaları nəticəsində müəyyən edilən 163 188,29 manat məbləğində vergi borcu Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan 5 illik tələbetmə müddəti ərzində ödənilməyib. Şirkət hesab edib ki, həmin müddətin başa çatması ilə borc ümidsiz vergi borcu kimi silinməli məbləğ statusu alıb.
İddiaçı bununla əlaqədar vergi orqanına bir neçə dəfə müraciət etdiyini, lakin borcun silinmədiyini bildirib.
Şirkət öz mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il tarixli qərarına da əsaslandırıb. Həmin qərarın şirkətin istinad etdiyi hissəsinə görə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulması üçün müəyyən edilmiş müddətin başa çatması vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul edilir və tutulma müddəti keçmiş borclar ümidsiz borc kimi silinir.
Cavabdeh Dövlət Vergi Xidməti isə iddia ilə razılaşmayıb. Vergi orqanının mövqeyinə görə, şirkətin ümidsiz borc kimi silinməsini tələb etdiyi məbləğin müəyyən hissəsi üzrə qanunvericilikdə nəzərdə tutulan müddət başa çatmayıb.
Etirazda qeyd edilib ki, iddiaçı ilkin tələbində müəyyən edilmiş məbləği sonradan 75 336,93 manat artırıb. Lakin həmin artırılmış məbləğin ümidsiz borc kimi silinməsi ilə bağlı vergi orqanına müraciət edilməyib.
Bakı İnzibati Məhkəməsinin qərarı ilə “Kömürçü Residence” MMC-nin iddiası təmin edilib. Məhkəmə iddiaçıya aid şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş 163 188,29 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyini Dövlət Vergi Xidmətinin üzərinə qoyub.
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qərardan apellyasiya şikayəti verib. Cavabdeh birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Bununla razılaşmayan cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyasının qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş edib.
Lakin Ali Məhkəmə Dövlət Vergi Xidmətinin şikayətini təmin etməyib.
Beləliklə, “Kömürçü Residence” MMC-nin 163 188,29 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsi ilə bağlı tələbi üzrə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb və apellyasiya instansiyasının həmin qərarı dəyişdirilmədən saxlayan qərarı da kassasiya mərhələsində qüvvədə saxlanılıb.
Qeyd edək ki, “Kömürçü Residence” MMC 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Quluzadə Qüdrət Sadıx oğludur. Şirkət hündürmərtəbəli binaların tikintisini həyata keçirir. Bu ilin əvvəllərində şirkətin 220 min manata yaxın vergi borcunun olması və bu borcu bir ildir ödəməməsi barədə ölkə mediasında məlumatlar yayılmışdı.
