Papa XIV Leo hərbi xərclərin artırılmasını tənqid etdi

Papa XIV Leo hərbi xərclərin artırılmasını tənqid etdi

Sevinc Kərimova · Media ·

Roma Papası XIV Leo Avropada və dünyada sülh axtarışının sadəlövh pasifizmlə qarışdırılmamalı olduğunu bildirib. O, eyni zamanda yenidən silahlanmanın sülhün təminatı kimi təqdim edilməsinin yanlış yanaşma olduğunu vurğulayıb. Papa bu fikirləri Fransanın Mets şəhərində Robert Şuman Konqres Mərkəzində keçirilən görüşdə səsləndirib. Bu barədə Vatikanın Mətbuat Xidməti məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, XIV Leo Robert Şumanın dünya sülhünün onu təhdid edən təhlükələrə uyğun yaradıcı səylər olmadan qoruna bilməyəcəyi barədə fikrini xatırladıb. Papa bildirib ki, sülh üçün səbirli dialoq aparmaq, danışıqlarda cəsarət göstərmək və daha böyük məqsəd naminə müəyyən mövqelərdən geri çəkilməyə hazır olmaq lazımdır.

Pontifik hökumətlərin hərbi xərclərin artırılmasını çox vaxt digər ölkələrdən gələn təhlükələrlə əsaslandırdığına diqqət çəkib. Onun sözlərinə görə, dünya sülhünün təşviqi passiv mövqe deyil və bunun üçün konkret siyasi və diplomatik səylər tələb olunur.

XIV Leo beynəlxalq ictimaiyyət qarşısında əsas sualın həqiqətən sülhü təmin edəcək yaradıcı addımların atılıb-atılmaması olduğunu bildirib. Papa, həmçinin dövlətlərin yalnız mövcud müharibələrin qan tökülməsini məhdudlaşdırmaqla kifayətlənib gələcək müharibələrə daha yaxşı hazırlaşmasının sülh strategiyası hesab edilə bilməyəcəyini vurğulayıb.