İngiltərənin “Mançester Siti” futbol klubu 2009-2010-cu illər mövsümündən 2017-2018-ci illər mövsümünədək Premyer Liqanın maliyyə qaydalarını ciddi şəkildə pozmaqda təqsirli bilinib. Müstəqil komissiya klubun gəlirlərini süni şəkildə artırmaq və xərclərini azaltmaq üçün saxta müqavilələrdən və maliyyələşdirmə sxemlərindən istifadə etdiyini müəyyən edib. Bu barədə Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, araşdırmada sponsorluq müqavilələri, futbolçulara və məşqçilərə edilən ödənişlər, eləcə də klub sahibləri ilə əlaqəli maliyyələşdirmənin hesabatlarda düzgün göstərilməməsi kimi hallar müəyyən edilib. Komissiyanın qənaətinə görə, bu mexanizmlər klubun rəsmi gəlirlərini artırmağa və xərclərini olduğundan aşağı göstərməyə xidmət edib.
“Mançester Siti” həmçinin Premyer Liqanın araşdırması ilə əməkdaşlıq etməməyə dair ittihamların demək olar hamısı üzrə təqsirli bilinib. Klub daha əvvəl ittihamları rədd edib və maliyyə məlumatlarının qaydalara uyğun təqdim olunduğunu müdafiə edib.
Komissiyanın qərarından sonra klubun hansı cəza ilə üzləşəcəyi hələ açıqlanmayıb. Mümkün sanksiyalarla bağlı ayrıca qərarın verilməsi gözlənilir. “Mançester Siti”nin qərardan apellyasiya şikayəti vermək hüququ da mövcuddur.
