ABŞ Prezidenti Donald Tramp məxfi məlumatların sızdırılmasına görə məsuliyyət daşıyan şəxslərin güllələnməsinə və ya ömürlərinin sonuna qədər həbsdə saxlanılmasına çağırıb. O, xüsusilə İranla münaqişə zamanı ABŞ-nin hərbi əməliyyatlarına dair məlumatların açıqlanmasını sərt tənqid edib.
Redaksiya xəbər verir ki, Trampın sözlərinə görə, İranla münaqişənin başlanğıcında Amerika bombardmançı təyyarələrinin hərəkəti barədə məxfi məlumatların sızdırılması İran tərəfinə onların gəlişinə əvvəlcədən hazırlaşmaq imkanı verib.
ABŞ Prezidenti hesab edir ki, bu cür məlumatların ictimaiyyətə açıqlanması hərbi əməliyyatların məxfiliyinə ciddi zərbə vurur. O, dövlət sirrini təşkil edən məlumatları yayan şəxslərə qarşı ən ağır cəzaların tətbiq edilməsini istəyib.
Tramp sözügedən məlumatların dərc edilməsində Amerika mediasını, o cümlədən The New York Times qəzetini və CNN telekanalını ittiham edib. Prezidentin açıqlamasında bu media qurumlarının ABŞ bombardmançılarının hərəkətinə dair məlumatların yayılmasında rol oynadığı iddia edilib.
