Albaniyada hökumət əleyhinə etiraz aksiyalarının iştirakçıları baş nazir Edi Ramaya ultimatum verərək onun yerli vaxtla saat 13:00-dək istefa verməsini tələb ediblər. Etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə prezident administrasiyasının qarşısına yürüş edərək parlamentin buraxılmasını tələb edəcəklərini bildiriblər. Bu barədə Lajmifundit nəşri məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, oktyabrın 14-də paytaxt Tiranada keçirilən etiraz aksiyaları kütləvi iğtişaşlarla müşayiət olunub. Nümayişçilər baş nazirin ofisini və Maliyyə Nazirliyinin binasını yandırıblar. Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Polisin müdaxiləsindən sonra etirazçılar bir sıra dövlət qurumlarının binalarına ziyan vurublar. Parlament, Ədliyyə Nazirliyi, Dövlət Arxivi və digər dövlət müəssisələrinin binalarına zərər dəydiyi bildirilir.
Ora News telekanalının məlumatına görə, Tiranada baş verən qarşıdurmalar nəticəsində 51 polis əməkdaşı xəsarət alıb. İğtişaşlarla əlaqədar daha 70 etirazçı saxlanılıb.
Albaniyanın paytaxtında hökumət əleyhinə etiraz aksiyaları 130 gündən artıqdır davam edir. Nümayişçilər hakimiyyətin Adriatik dənizi sahilində yerləşən Vyosa-Narta qoruq ərazisində kurort kompleksi inşa etmək planlarına qarşı çıxırlar.
Etirazçılar xüsusi mühafizə olunan təbiət əraziləri haqqında qanuna edilmiş dəyişikliklərin ləğvini və baş nazir Edi Ramanın istefasını tələb edirlər. Hökumətin mövqeyinə qarşı çıxan aksiya iştirakçıları tələbləri yerinə yetirilmədiyi halda etirazlarını davam etdirəcəklərini bildiriblər.
