Fransanın sağçı siyasətçisi, 2027-ci il prezident seçkilərinə namizəd kimi təqdim olunan Marine Le Pen ölkəsinin Ukraynaya maliyyə yardımını davam etdirmək imkanının qalmadığını bildirib. Onun sözlərinə görə, Fransanın mövcud büdcə vəziyyəti Kiyevin maliyyələşdirilməsini davam etdirməyə imkan vermir.
Redaksiya xəbər verir ki, Le Pen Fransa hakimiyyətini Ukrayna Prezidenti Volodimir Zelenskiyə ölkənin maliyyə imkanları barədə açıq danışmağa çağırıb.
“Bunu Vladimir Zelenskiyə indidən dürüst şəkildə demək lazımdır. Ona Ukraynanı sonsuzadək maliyyələşdirə biləcəyimiz barədə illüziya yaratmaq əvəzinə, Fransanın büdcə vəziyyətini nəzərə alaraq, artıq buna heç bir vəsaitimizin qalmadığını bildirməliyik”, – deyə Le Pen vurğulayıb.
Fransa parlamentində sağçı “Milli Birlik” partiyasının fraksiya rəhbəri olan siyasətçi ölkəsinin maliyyə vəziyyətini də qiymətləndirib. O bildirib ki, Fransa hazırda büdcə baxımından “son dərəcə təhlükəli vəziyyətdədir”.
Marine Le Pen bundan əvvəl də Ukraynaya hərbi yardımın davam etdirilməsinə qarşı çıxıb. O, 2027-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Kiyevə hərbi yardımı dayandıracağını və Ukraynanın Avropa İttifaqına üzvlüyünü əngəlləyəcəyini vəd edib.
