ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini azad etməyi təklif edib

ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini azad etməyi təklif edib

Sevinc Kərimova · Media ·

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna ilə bağlı danışıqların bərpası məqsədilə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin istifadəyə açılmasını təklif ediblər. Bu barədə Financial Times nəşri məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, ötən həftə Mayamidə keçirilən danışıqlarda Uitkoff və Kuşner Rusiya vəsaitlərinin blokdan çıxarılması üçün bir neçə variant təqdim ediblər. Təkliflər arasında Vaşinqtonun nəzarəti altında xüsusi maliyyə mexanizminin yaradılması da yer alıb. Lakin Avropa nümayəndələri ABŞ tərəfinin bu təşəbbüsünü rədd ediblər.

Bundan əlavə, Vaşinqton Kiyevdən müxtəlif mənbələrdən əldə ediləcək vəsaitlərin necə xərclənəcəyinə dair plan təqdim etməsini istəyib. ABŞ tərəfi maliyyə resurslarının istifadəsində şəffaflığın təmin edilməsinə xüsusi diqqət ayırıb.

Eyni zamanda, ABŞ Ukraynada korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və hesabatlılığın artırılması məqsədilə Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlıq çərçivəsində islahatların həyata keçirilməsini təklif edib.