Çin özəl şirkətlərdə çalışan aparıcı süni intellekt mütəxəssislərinə tətbiq edilən xaricə səfər məhdudiyyətlərini onların ailə üzvlərinə də şamil etməyə başlayıb. Dövlət təhlükəsizliyi baxımından mühüm hesab olunan bəzi Sİ və çip şirkətləri rəhbərlərinin həyat yoldaşları və uşaqları hətta qısamüddətli xarici səfərlər üçün Pekinin razılığını almalıdırlar. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Çin dövlət qurumları artıq bir sıra şəxsləri yeni qaydalar barədə məlumatlandırıb. Məhdudiyyətlərin tətbiq olunduğu şəxslərin siyahısının mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır. Bununla belə, hazırda xaricə səfərlərinə nəzarət edilən bütün mütəxəssislərin ailə üzvlərinin də eyni qaydalara tabe olub-olmadığı dəqiq məlum deyil.
Çində Alibaba və DeepSeek kimi şirkətlərdə strateji əhəmiyyətli Sİ sahələrində çalışan bəzi mütəxəssislərə qarşı səfər məhdudiyyətləri 2026-cı ilin əvvəlindən tətbiq olunur. Bu şəxslər xaricə getməzdən əvvəl müvafiq dövlət qurumlarından icazə almalıdırlar.
Bundan əlavə, sentyabrın 15-dən Çində ölkədən çıxışın məhdudlaşdırılmasına dair yeni qaydalar qüvvəyə minib. Qaydalar sənaye və texnoloji təhlükəsizliyə mümkün təhlükə yaradan hallarda şəxslərin xaricə səfərlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.
Pekin bundan əvvəl də oxşar nəzarət mexanizmlərini aparıcı universitet tədqiqatçıları, nüvə fizikləri və dövlət şirkətlərinin rəhbərləri, eləcə də bəzi hallarda onların ailə üzvlərinə tətbiq edib. Mövcud mexanizm xaricə səfərin tam qadağan edilməsindən daha çox, səfərdən əvvəl dövlət orqanlarının razılığının alınmasını tələb edən nəzarət sistemi kimi tətbiq olunur.
