Bu gün TDT çərçivəsində təhlükəsizlik qurumları arasında əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir

Bu gün TDT çərçivəsində təhlükəsizlik qurumları arasında əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir

Aytac Dəniz · Siyasət ·

Müasir beynəlxalq münasibətlərdə təhlükəsizlik anlayışı yalnız hərbi risklərlə məhdudlaşmır. İqtisadi, enerji, nəqliyyat, informasiya və digər sahələrdə yaranan risklər də dövlətlərin təhlükəsizlik gündəliyinin mühüm hissəsinə çevrilib. Möhtərəm Prezident cənab İlham Əliyevin TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər bu geniş yanaşmanın əhəmiyyətini göstərir.

Ölkə başçısının nitqində təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətləri kimi məlumat mübadiləsi, koordinasiya və mümkün təhdidlərin qarşısının alınması əsas yer tutur. Bu yanaşmanın əsas üstünlüyü təhlükəyə yalnız meydana çıxdıqdan sonra reaksiya vermək əvəzinə qabaqlayıcı tədbirlərə diqqət yetirməsidir. Müasir təhlükəsizlik siyasətində profilaktika mexanizmlərinin gücləndirilməsi dövlətlərin itkilərini azaltmağa imkan verə bilər.

Buna görə TDT çərçivəsində təhlükəsizlik qurumları arasında əlaqələrin inkişafı ayrıca əhəmiyyət kəsb edir. Bu gün dünyanın müxtəlif regionlarında davam edən münaqişələr təhlükəsizlik risklərinin bir coğrafiyadan digərinə keçməsi ehtimalını artırır. Belə şəraitdə regional sabitliyin qorunması yalnız ayrı-ayrı dövlətlərin deyil, qarşılıqlı əlaqədə olan dövlətlər qrupunun da marağına çevrilir. Təhlükəsizlik sahəsində məlumat mübadiləsi bu baxımdan praktiki əhəmiyyət daşıyan vasitələrdən biridir. Operativ məlumatların paylaşılması mümkün risklərin daha erkən müəyyənləşdirilməsinə kömək edə bilər. Eyni zamanda müxtəlif təhlükəsizlik qurumları arasında təcrübə mübadiləsi institusional imkanların inkişafına şərait yaradır. Bunun üçün əməkdaşlığın davamlı və sistemli xarakter daşıması vacibdir. Təhlükəsizlik anlayışının digər mühüm istiqaməti enerji və nəqliyyat infrastrukturlarının qorunmasıdır.

TDT məkanından keçən nəqliyyat və enerji marşrutlarının əhəmiyyəti artdıqca onların təhlükəsizliyi də daha çox diqqət tələb edir. İqtisadi əlaqələrin genişlənməsi təhlükəsizliyin təmin edilməsini birbaşa iqtisadi məsələ halına gətirir. Hər hansı ciddi təhlükəsizlik problemi nəqliyyat əlaqələrinin pozulmasına və iqtisadi itkilərə səbəb ola bilər. Buna görə təhlükəsizlik əməkdaşlığı ilə iqtisadi əməkdaşlıq arasında qarşılıqlı əlaqə mövcuddur. Bu əlaqə TDT daxilində birgə yanaşmaların formalaşdırılmasını zəruri edən amillərdən biridir. Dövlət başçısının çıxışnda ideoloji xarakterli təhdidlər də təhlükəsizlik məsələsinin tərkib hissəsi kimi qeyd olunur. Burada gənclərlə iş, informasiya mühiti və ictimai həmrəyliyin qorunması xüsusi diqqət çəkir. Gənclərin müxtəlif təsirlərə açıq olması bu sahədə maarifləndirmə fəaliyyətinin əhəmiyyətini artırır.

TDT ölkələri arasında gənclər təşkilatlarının əlaqələrinin genişləndirilməsi qarşılıqlı tanışlığı və sosial əlaqələri gücləndirə bilər. Belə əməkdaşlıq təhlükəsizlik məsələlərinə yalnız inzibati deyil, ictimai yanaşmanın da formalaşmasına kömək edə bilər. Nəticə etibarilə TDT çərçivəsində təhlükəsizlik əməkdaşlığı çoxsəviyyəli və uzunmüddətli proses kimi nəzərdən keçirilə bilər. Bu prosesdə əsas istiqamətlər qarşılıqlı etimad, operativ informasiya mübadiləsi, qabaqlayıcı tədbirlər və regional sabitliyin qorunmasıdır.

Ramel Bəşirov
Neftçala rayonu