BƏƏ-yə məxsus VIP təyyarə iki gün İrana uçub

BƏƏ-yə məxsus VIP təyyarə iki gün İrana uçub

Könül Məmmədova · Media ·

Birləşmiş Ərəb Əmirliklərinin Royal Jet şirkəti tərəfindən istismar olunan Boeing 737-700 BBJ tipli VIP təyyarənin ardıcıl iki gün İrana qısa səfərlər həyata keçirdiyi bildirilir. Uçuşların avqustun 11-i və 12-də baş tutduğu qeyd olunur.

Redaksiya xəbər verir ki, avqustun 11-də təyyarə Əbu-Dabidən havaya qalxaraq Tehran ərazisinə uçub. Məlumata görə, təyyarə İranda təxminən bir saat qaldıqdan sonra ölkəni tərk edib.

Avqustun 12-də eyni təyyarə yenidən İrana uçub. Bu dəfə təyyarə Tehrandan təxminən 40 kilometr qərbdə yerləşən Kərəc şəhərindəki Payam Beynəlxalq Hava Limanına enib. Təyyarənin burada təxminən 30 dəqiqə qaldıqdan sonra yenidən havaya qalxdığı bildirilir.

Ardıcıl iki gündə həyata keçirilən qısa səfərlərin məqsədi və təyyarədə kimlərin olduğu barədə rəsmi məlumat açıqlanmayıb. Royal Jet BƏƏ-nin Əbu-Dabi mərkəzli VIP və biznes aviasiyası operatorlarından biridir.