ABŞ-ın USS Abraham Lincoln aviadaşıyıcısında bir neçə dənizçinin özünü gəmidən dənizə atmağa cəhd etdiyi bildirilir. Təxminən 5 min dənizçi və dəniz piyadasının xidmət etdiyi gəmi 21 noyabrdan etibarən səkkiz aydan çoxdur hərbi missiyadadır və İranla bağlı əməliyyatlara dəstək verir. Bu barədə Stars and Stripes məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, uzunmüddətli yerləşdirmənin ekipaj üzvlərinin psixoloji vəziyyətinə ciddi təsir göstərdiyi bildirilir. Dənizçilərdən birinin həyat yoldaşı ərinin xidmət müddətinin dəfələrlə uzadılmasından sonra özünü gəmidən atmağa cəhd etdiyini deyib.
Başqa bir hadisədə növbədə olan dənizçi silahdaşının özünü gəmidən atmağa hazırlaşdığını görərək onu saxlayıb və yenidən göyərtəyə çəkib. Digər hadisədə isə növbətçilərin daha bir ekipaj üzvünün gəmidən atılmasının qarşısını aldığı bildirilir.
USS Abraham Lincoln gəmisinin heyəti 21 noyabrdan bəri fasiləsiz yerləşdirmədədir. Missiyanın səkkiz aydan çox davam etməsi gəmidə xidmət edən dənizçilər və dəniz piyadaları üzərində fiziki və psixoloji yükün artması ilə bağlı narahatlıqları gücləndirib.
