Şirvanda “Gənclik dalğası” adlı musiqili proqram keçirilib

Şirvanda “Gənclik dalğası” adlı musiqili proqram keçirilib

Orxan Börüsoy · Media ·

Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında keçirilən tədbirdə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, "Şirvan Gənclər evi" SXM-in direktoru Aytac Əliyeva, könüllü gənclər və şəhər sakinləri iştirak ediblər.

Bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən qonaqlar gəncləri Beynəlxalq Gənclər Günü münasibətilə səmimi-qəlbdən təbrik edərək, bu əlamətdar günün gənclərin cəmiyyətdəki roluna diqqətin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışlar.

Çıxışlarda qeyd olunmuşdur ki, gənclər hər bir dövlətin gələcəyi, onun sosial-iqtisadi və ictimai inkişafının əsas hərəkətverici qüvvələrindən biridir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların təhsil, əmək, idman, mədəniyyət və ictimai həyat sahələrində fəal iştirakının təmin edilməsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan gənclərinin intellektual potensialının, yaradıcılıq imkanlarının və vətənpərvərlik ruhunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm nəticələr verdiyi diqqətə çatdırılmışdır.

Bildirilib ki, müasir dövrdə gənclərin yalnız bilik və peşə bacarıqlarına yiyələnməsi deyil, eyni zamanda ictimai fəallıq nümayiş etdirməsi, müxtəlif sosial və mədəni layihələrdə iştirak etməsi, yeni ideya və təşəbbüslərlə çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir. Gənclərin təşəbbüslərinin dəstəklənməsi onların öz potensiallarını reallaşdırmasına, cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına geniş imkanlar yaradır.

Çıxışlarda Şirvan şəhərində də gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və ictimai fəallığının artırılması məqsədilə müxtəlif layihə və tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilmişdir. “Gənclik dalğası” musiqili proqramının da gənclərin bir araya gəlməsi, onların istedad və bacarıqlarının nümayiş etdirilməsi, şəhər sakinləri ilə birlikdə xoş və yaddaqalan gün keçirmələri baxımından əhəmiyyətli olduğu vurğulanmışdır.

Həmçinin gənclərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyinə, onların yeni ideyalarının və təşəbbüslərinin dəstəklənməsinin vacibliyinə toxunulmuşdur. Gənclərə təhsildə, əmək fəaliyyətində, ictimai həyatda və yaradıcılıq sahəsində uğurlar arzulayan çıxışçılar onları fəal olmağa, qarşılarına qoyduqları məqsədlərə inamla və əzmlə doğru irəliləməyə çağırmışlar.

Tədbirin rəsmi hissəsinin sonunda şəhərin ictimai, sosial və mədəni həyatında fəallığı ilə seçilən bir qrup gəncin fəaliyyəti yüksək qiymətləndirilmiş, onlara təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur. Bu addım gənclərin əməyinə verilən dəyərin göstəricisi olmaqla yanaşı, onların gələcək fəaliyyətinə əlavə stimul kimi qiymətləndirilmişdir.

Daha sonra rəngarəng musiqi nömrələri, istedadlı gənc ifaçıların çıxışları və yaradıcı kollektivlərin təqdim etdiyi səhnə nümunələri tədbirə xüsusi rəng qatıb.

Gənclərin və şəhər sakinlərinin böyük maraq və coşqu ilə izlədiyi musiqili proqram xoş əhval-ruhiyyə və yaddaqalan anlarla davam edib.