Azərbaycan-İran münasibətlərində yeni səhifə

Azərbaycan-İran münasibətlərində yeni səhifə

Sevinc Kərimova · Siyasət ·

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də ölkəmizə baş tutan ilk rəsmi səfəri tarixi hadisə kimi qiymətləndirilməlidir.

Belə ki, səfər zamanı Ölkə başçısı cənab İlham Əliyev və ali qonağın mətbuata verdikləri bəyanatlar bir dönəm ölkələrimiz arasında olan fikir ayrılıqlarının, soyuqluğun aradan qalxdığına, münasibətlərin istiləşməyə doğru getdiyinə işarə edir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan və İran arasındakı dostluq münasibətlərində Ulu Öndərin əməyini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra ilk diplomatik əlaqələr qurduğu ölkələrdən biri İran İslam Respublikası olmuş, bu əlaqələr Ümummilli liderin hakimiyyətə gəlişindən sonra daha da genişlənərək, onun möhkəm siyasi iradəsi sayəsində daha da əhatələnmişdir. Azərbaycan-İran dövlətlərarası qarşılıqlı hörmət və suverenlik meyarı ilə əməkdaşlıq və əlaqələr hazırda Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyevin bacarıqlı dövlət siyasəti, nüfuzlu siyasi Liderliyi sayəsində bütün sahələrdə davam etməkdədir. Dövlət başçısı İlham Əliyev Azərbaycan-İran arasındakı əlaqələri və İran Prezidentinin səfərini aşağıdakı fikirləri ilə qiymətləndirərək demişdir: “Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir.

İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır”. Ali qonağın səfəri zaman Möhtərəm cənab Prezident İlham Əliyev öz bəyanatında Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizində oynadığı mühüm rola diqqət çəkdi. Ölkə başçısı Azərbaycanın bu dəhlizin fəaliyyətini təmin etmək üçün öz ərazisində artıq geniş infrastruktur layihələrini həyata keçirdiyini və artacaq yük həcmlərini nəzərə alaraq əlavə sərmayə qoyuluşlarını planlaşdırdığını bildirdi. Görüş zamanı humanitar və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi də əsas müzakirə mövzularından biri oldu. Prezident Pezeşkianın Azərbaycana səfəri zamanı bir sıra mühüm sənədlərin imzalanması, Azərbaycan və İran prezidentlərinin bəyanatı, səfər çərçivəsində atılan addımlar, iki qonşu dövlətin əməkdaşlığının davamlı inkişafına və gələcək nəsillər üçün dayanıqlı əsaslar yaradılmasına xidmət edir.

Bu münasibətlər təkcə siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixi və mədəni kimliyə söykənir. Bu isə onu göstərir ki, Azərbaycan-İran münasibətləri gələcəkdə daha da dərinləşəcək və region üçün nümunəvi əməkdaşlıq modelinə çevriləcəkdir.

Aynurə İsmayılova;
Neftçala rayonu, müəllim