2026-cı il aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri bir çox tarixi məqamlarla yadda qaldı.
Ali qonağı qarşılayan Dövlət başçısı cənab İlham Əliyev həm ikitərəfli, həm də çoxtərəfli görüşlərdə iki ölkə arasında münasibətlərin tarixinə xüsusi diqqət çəkdi. Səfərin nəticəsi barədə mətbuata verdiyi bəyanatda Möhtərəm Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olmaqla yanaşı, gələcək əməkdaşlıq üçün yeni perspektivlər açır. Ölkə başçısı vurğulamışdır ki, qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər artıq möhkəm təməl üzərində qurulmuşdur. “Əminəm ki, bu səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq” deyən Dövlət başçısı həmçinin qeyd etmişdir ki, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər zamanı ikitərəfli gündəliyin əsas istiqamətləri geniş müzakirə olunmuşdur.
Görüşlər çərçivəsində siyasi dialoqun inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional məsələlər xüsusi diqqət mərkəzində olmuşdur. Diqqət yetirsək görərik ki, ölkələrimiz arasında əməkdaşlığın çox güclü çərçivəsi mövcuddur və bu çərçivə davamlı inkişaf üçün etibarlı zəmin yaradır. Bu mənada doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərimizin hüquqi əsasını təşkil edir. Bu sənəd iki ölkə arasında əlaqələrin ən yüksək səviyyəyə yüksəlməsinə imkan vermiş və əməkdaşlığın sistemli şəkildə inkişafını təmin etmişdir. Məhz bu sənədə əsaslanaraq tərəflər müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişlər. Prezident İlham Əliyev həmçinin vurğulamışdır ki, Azərbaycan ilə Latviya arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Xüsusilə investisiya qoyuluşları, ticarət dövriyyəsinin artırılması, nəqliyyat dəhlizlərinin inkişafı və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanları genişdir. Məlum olduğu kimi Azərbaycan özünün əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayır və bu baxımdan Latviya ilə əməkdaşlıq qarşılıqlı fayda verə bilər. Bəyanatda enerji sahəsində əməkdaşlıq məsələlərinə də toxunulmuş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulanmışdır.
Cənab prezident qeyd etmişdir ki, Azərbaycan etibarlı enerji tərəfdaşı kimi bir çox ölkələrlə uğurlu əməkdaşlıq həyata keçirir və bu istiqamətdə Latviya ilə də əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Bununla yanaşı, humanitar və mədəni əlaqələrin inkişafı, təhsil sahəsində əməkdaşlıq, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi məsələləri də diqqət mərkəzində olmuşdur. Şübhəsiz bu sahələrdə əməkdaşlıq ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir. İnanırıq ki, Latviya Prezidentinin bu səfəri Azərbaycan-Latviya münasibətlərinin gələcək inkişafına mühüm töhfə verəcək, tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə şərait yaradacaqdır.
Elşən Əmirov
Neftçala rayonu
