Avropa Parlamenti Aİ-yə çağırış etdi: “İsrailə qarşı təcili sanksiyalar tətbiq olunmalıdır”

Avropa Parlamenti Aİ-yə çağırış etdi: “İsrailə qarşı təcili sanksiyalar tətbiq olunmalıdır”

Sevinc Kərimova · Siyasət ·

Avropa Parlamentinin 60-dan çox deputatı (millət vəkili) Qəzzada yaşanan humanitar fəlakət səbəbilə Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin təcili toplantıya çağırılmasını və İsrailə qarşı konkret sanksiyaların tətbiqini tələb edib.

Redaksiya xəbər verir ki, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallasa ünvanlanan məktubda İttifaqın Qəzzada baş verənlərə münasibətdə “səssiz və hərəkətsiz” qalması sərt şəkildə tənqid olunub. Müraciətdə bu mövqenin “cinayətlərə ortaq olmaq” kimi qiymətləndirildiyi qeyd olunub.

Belçikalı deputat Mark Botenga sosial şəbəkə hesabında məktubun mətnini paylaşaraq bildirib ki, Avropa vətəndaşları real tədbirlər gözləyir, Aİ isə yalnız bəyanatlarla kifayətlənir. Məktubda xüsusilə İsrailin yardım paylama nöqtələrinə hücumları nəticəsində 1000-dən çox fələstinlinin həyatını itirdiyi vurğulanıb.

Deputatlar Kaya Kallasa üç əsas tələb irəli sürüblər:

  • Aİ-nin xarici işlər nazirlərinin təcili şəkildə yenidən toplanması;
  • İsrailə və İsrail-ABŞ dəstəyi ilə yaradılan Gazze Humanitar Yardım Fonduna qarşı sanksiyaların tətbiqi;
  • İsrailə qarşı silah embarqosunun həyata keçirilməsi üçün Aİ-yə üzv dövlətlərə təzyiqlərin artırılması.

Xatırladaq ki, 15 iyulda keçirilən əvvəlki iclasda İspaniya, İrlandiya və Sloveniya İsrailə qarşı sanksiyaların tətbiqini və Tərəfdaşlıq Sazişinin dayandırılmasını təklif etmişdi. Lakin Almaniya və Avstriya başda olmaqla bəzi üzv ölkələrin etirazı səbəbindən razılıq əldə olunmamışdı.

Bu nəticə insan hüquqları təşkilatları və qeyri-hökumət qurumları tərəfindən kəskin tənqid edilmiş, İsrailin xarici işlər naziri Gideon Saar isə heç bir sanksiyanın qəbul olunmamasını “Tel-Əviv üçün diplomatik uğur” kimi qiymətləndirmişdi.

Sevinc Kərimova