Atəşkəs üçün təmaslar başlayır

Atəşkəs üçün təmaslar başlayır

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında iki saatdan artıq davam edən telefon danışığı bölgədə diplomatik dinamikanı yenidən hərəkətə gətirib. Liderlər Ukrayna ilə bağlı yeni sülh təşəbbüsləri haqqında ilk dəfə bu qədər açıq və sinxron açıqlamalar veriblər.

Redaksiya beynəlxalq mənbələrə istinadən xəbər verir ki, Tramp açıqlamasında Putinlə söhbətin “yaxşı keçdiyini” bildirib:
Rusiya və Ukrayna dərhal atəşkəslə bağlı birbaşa təmasa keçəcək. Rusiya, Ukraynadakı müharibə bitdikdən sonra ABŞ ilə böyük həcmdə ticarət əlaqələri qurmaq istəyir.

ABŞ lideri həmçinin əlavə edib ki, Vatikan Ukrayna ilə Rusiya arasında mümkün danışıqlara ev sahibliyi etməkdə maraqlıdır: “Vatikan bu prosesi başlatmağa hazırdır.

Rusiya Prezidenti Vladimir Putin isə danışığın əhəmiyyətini vurğulayaraq bildirib:
Tramp ilə iki saatdan uzun davam edən bir telefon danışığı apardım. İstanbulda dayandırılmış sülh danışıqlarının yenidən başlanması çox vacibdir. Həm biz, həm də Ukrayna tərəfi real və uyğun kompromis şərtləri yaratmalıdır.

Bu paralel bəyanatlar, diplomatik dairələrdə danışıqların yenidən başlanacağına dair ehtimalları gücləndirib. Qeyd olunur ki, hər iki lider bu mərhələdə öz iradələrini ortaya qoyur və diplomatik masaya dönüş üçün ilkin zəmini formalaşdırmağa çalışır. Növbəti günlərdə rəsmi təmasların artması gözlənilir.

Sevinc Kərimova