Avropa İttifaqı Ukrayna üçün Patriot hava hücumundan müdafiə raketlərinin tədarükü ilə bağlı hələ konkret nəticə əldə edə bilməyib. Bunu Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra bildirib.
Redaksiya xəbər verir ki, Kallas raketlərin tədarükü ilə bağlı telefon danışıqları və müzakirələrin aparıldığını, lakin hazırda heç bir konkret qərarın qəbul edilmədiyini deyib.
Onun sözlərinə görə, danışıqlar davam etdiriləcək. Kallas görüşün nəticəsini şərh edərkən “təəssüf ki, bu gün uğur olmadı” ifadəsini işlədib.
Aİ rəsmisi iclasdan əvvəl Brüsselin Ukrayna üçün Patriot sursatlarını həm üzv ölkələrdə, həm də İttifaqdan kənarda axtardığını bildirmişdi.
Kallas hətta istifadə müddəti başa çatmaq üzrə olan raketlərin də nəzərdən keçirildiyini qeyd etmişdi. Bu, Ukraynanın hava hücumundan müdafiə sursatlarına tələbatının yüksək olaraq qaldığını göstərir.
