Avropa İttifaqı İlon Maskın Starlink şəbəkəsindən asılılığı azaltmaq üçün Avropa əsaslı peyk xidmətlərinə üstünlük verməyə hazırlaşır.
Redaksiya xəbər verir ki, Brüssel gələcək mobil peyk tezliklərinin böyük hissəsini Avropa şirkətləri üçün ayırmağı müzakirə edir.
Plana əsasən, gələcək peyk spektrinin təxminən üçdəikisi Avropa şirkətlərinə ayrılacaq. ABŞ şirkətləri, o cümlədən Starlink və Amazon-un peyk internet layihəsi isə yalnız qalan hissəyə çıxış əldə edə bilər.
Aİ bu addımı texnoloji suverenlik, rabitə təhlükəsizliyi və kritik infrastrukturun xarici şirkətlərdən asılılığını azaltmaq məqsədi ilə əsaslandırır.
Brüssel həmçinin IRIS2 adlı Avropa peyk şəbəkəsini inkişaf etdirir. Bu sistemin 290 peykdən ibarət olması və 2029-cu ildən ilkin xidmətlərə başlaması gözlənilir.
Müzakirələr Aİ daxilində fikir ayrılığı da yaradıb. Bəzi rəsmilər Avropa şirkətlərinə daha sərt üstünlük verilməsini istəyir, digərləri isə Starlink kimi xarici şirkətlərin tam kənarda saxlanılmasının bazar və rəqabət baxımından riskli ola biləcəyini düşünür.
Yeni qaydalar qəbul edilərsə, Starlink-in Avropa bazarında genişlənməsi daha ciddi məhdudiyyətlərlə üzləşə bilər.
